2 kq kartofa görə fəhləni öldürən “İnvestel Group”un mühafizəçisi cəzalandırıldı

Dərc edildi: 10 İyn 2022 / Alarli

24.01.2022 | 09:25 Oxunma sayı: 2204

2 kq kartofa görə fəhləni öldürən “İnvestel Group”un mühafizəçisi cəzalandırıldı

Qazax rayonunun İkinci Şıxlı kəndində “İnvestel Group” MMC-yə məxsus sahədən evlərinə 2 kiloqram kartof aparan Novruz Mansurovu qətlə yetirməkdə təqsirləndirilən həmin şirkətin mühafizəçisi Nəsimi İsmayılovun məhkəmə prosesi yekunlaşıb.

“Kriminalqafqaz” məhkəmə matreallarına istinadən xəbər verir ki, hadisə günü mühafizəçi Nəsimi İsmayılov fəhlələrə işdən çıxanda onları və avtomobili yoxlayacağını deyib. Novruz Mansurov buna etiraz edərək söyüş söyüb. Nəsimi İsmayılov özü ilə birgə gətirdiyi bıçaqla Novruz Mansurovu qətlə yetirib.

Nəsimi İsmayılov məhkəmədə ifadə verərək deyib ki, həmin gün saat 18:00-da kartof əkin sahəsindəki iş yerinə gedib: “Novruz və digər fəhlələr işləyirdilər. Onlar texnikanın arxası ilə gedib çıxan kartofu ləkdə qalıb əzilməyə qoymurdular. Biz ayrı-ayrılıqda duraraq fəhlələrin işinə nəzarət edirdik. Mənim nəzarət etdiyim post 1-ci ləkdə işləyən traktorun yaxınlığında idi. Mən traktora yaxınlaşanda Novruz və yanındakı tanımadığım bir fəhlə də oturduqları su qablarının yanından traktora tərəf gəlirdi”.

O, fəhlələrə işdən çıxan zaman ona məlumat vermələrini, zənbilləri və maşını yoxlayacağını bildirib. Novruz Mansurov buna etiraz edib və söyüş söyüb: “Daha sonra mənə tərəf gəlməyə başladı, mən də zənbildən bıçağı çıxarıb ona tərəf getdim. Novruza çatanda sinəmdən təpiklə vurdu, mən də əlimdəki bıçaqla onun sinəsindən zərbə endirdim. Novruz yenə söyüş söyərək 2-3 addım kənara çəkildi. Su qabılarının yanında oturan fəhlələr hadisəni görüb bizə tərəf gəldilər. Novruzu su qabılarının yanına apardılar. Orda Novruzun qardaşının qışqıraraq başına döydüyünü gördüm. Bıçağı cibimə qoyub kəndə tərəf qaçmağa başladım. Daha sonra polis şöbəsində işləyən həmkəndlimizə vatsapda yazaraq adam öldürdüyümü, təslim olmaq istədiyimi bildirdim. Həmin şəxs digər polis əməkdaşları ilə birgə yanıma gəlib məni polis bölməsinə apardılar”.

N. İsmayılov əməlindən peşman olduğunu deyib.

Novruzun qardaşı Tural Mansurov məhkəmədə bildirib ki, qətlin baş verməsinə səbəb olan mübahisə bir gün öncəki hadisə ilə bağlı olub: “İşdən çıxıb şirkətin maşını ilə evə gedəndə qardaşımın özü ilə 2 kq kartof apardığını gördüm. Onu danlayaraq nahaq yerə xəlvət kartof yığdığını dedim. Çünki, evə gedəndə mühafizəçilər hamını yoxlayır ki, heç kim evə kartof aparmasın. Mühafizəçi maşını axtaranda Novruzun zənbilində kartofu gördü. Qardaşım kasıb olduğumuzu, 2 kq kartof götürdüyünü dedi. Həmin gün evə gələndən sonra anam və mən qardaşımı danladıq. Səhəri gün işə gedəndə Nəsimi bizə yaxınlaşıb dünən kimin kartof oğurladığını soruşdu. Mən ondan üzr istəyib qardaşımın səhv etdiyini dedim”.

Turan Mansurov qeyd edib ki, hadisənin səhəri gün axşam saatlarında mühafizəçi Nəsimi İsmayılov fəhlələrə işdən çıxanda ona xəbər etmələrini və onları yoxlayacağını dedi: “Qardaşım 50-60 metr kənarda otursa da, Nəsimi ucadan danışdığı üçün o da eşitdi. Qardaşım ona “niyə belə edirsən” deyib Nəsimiyə tərəf gedəndə o da qardaşımın üstünə gəlməyə başladı. Novruz Nəsimiyə çatanda onu təpiklə vurdu. Kənarda olduğum üçün Nəsiminin əlindəki bıçağı görmədim. Lakin bıçaqla vuranda anladım. Qanaxmanı dayandırmaq üçün köynəyi ürəyinin üstündəki yaraya tutmuşduq. Həmin vaxt Novruz özünə gəlib Nəsimiyə düz eləmədiyini dedi. Nəsimi qardaşımın ayıldığını görüb kəndə tərəf qaçdı. Daha sonra Novruzu xəstəxanaya apardıq, həkimlər onun öldüyünü dedilər”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsimi İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yazı Kriminalqafqaz.az saytında dərc olunub (mənbədən oxu)

Nəcməddin Quluzadə

Bir şərh yazın