İmanımızdan gələn təmizliyimizə necə riayət edirik?

Dərc edildi: 4 İyn 2021 / Alarli

Təmizlik imandan gələr”,- deyib peyğəmbərimiz, bəli, təmizlik imanın təzahürüdür. Yaşadığımız yerdə təmizliyə riayət etməyimiz hər birimizin borcudur. Görəsən, biz nə dərəcə də təmizkarıq?

Əslində, bu mövzu hər gün aktual olmalıdır, çünki günü-gündən demoqrafik dəyişklikliyə uğrayan Bakı şəhəri bir o qədər də diqqət və qayğı tələb edir. Gəlin, ilk olaraq Bakı şəhərinin kanalizasiya sisteminə nəzər yetirək. Bu hər bir Bakı sakininə məlumdur ki, bir az yağış yağan kimi mərkəzi prospektlər istisna, bir neçə küçə və prospektlərdə qrunt suları lyuklardan aşıb-daşır. “Su axar, çuxurun tapar”-deyib atalar, amma təəssüf ki, lyuklardan aşıb-daşan qrunt suları yol boyu hərəkət edərək piyadaların və sürücülərin hərəkətinə mane olur.

Görəsən, bu qrunt suları niyə çuxurunu tapmır?

Qrunt sularının dolub-daşdığı, şahidi olduğum 1-2 küçə və prospektin adını qeyd edəcəm. Biraz yağış yağan kimi Bakı şəhər Qara Qarayev prospektində lyuklardan daşan qrunt suları mənsəbi bilinməyən bir çay kimi yol boyu hərəkət edir. Nəsimi rayonu Rəşid Behbudov küçəsi də qrunt sularının aşıb-daşdığı küçələrdən biridir. Yaxşı yadımdadı, Bir dəfə yağış yağırdı, səhər dərsə getməyə hazırlaşırdım, dərsə getmək üçün mindiyim 1 nömrəli avtobusda səhərlər basa-basın əlindən təngə gəlmişdim. Dərsə gecikmək təlaşı bir yandan, yağış yağan kimi ləngiyən avtobus o biri yandan qanımı qaraltmışdı. Adi günlərdəki intervalından çox gec çatan avtobus 28 may metrosunun qarşısına çatan kimi qaça-qaça Rəşid Behbudov küçəsi ilə üzü Azərbaycan Dillər Universitetinə tərəf “padyom”-u qalxmağa başladım. Qrunt suları da Rəşid Behbudov küçəsi ilə üzü aşağı hərəkət edirdi. Universitetə çatanda ayaqlarım topuğacan islanmışdı. Pilləkənləri cəld qalxıb, auditoriyaya girdim, müəllim qayıb yazdığını dedi, qanı qara auditoriyadan çıxdım.

Bakı şəhərinin kanalizasiya sistemi necədir? Problemin kökündə nə dayanır?

Əgər xatırlayırsınızsa, keçən il şəhərimizin kanalizasiyalarının axıdıldığı Böyük Şor gölündən yayılan pis qoxu şəhərdə nəfəs almağa imkan vermirdi. Kanalizasiyanı axıtdığımız gölün sahilində hələ bir bulvar da salmışıq.

Bu mövzuda dünya praktikasına nəzər salaq:

Böyük şəhərlərdə-metropollarda kanalizasiya sistemi necə qurulub? İnternetdə kiçik bir axtarış etdim. Dünya da böyük metropollardan biri olan London şəhərində bir vaxtlar kanalizasiya və qrunt suları yer altı çaylar vasitəsi ilə Temza çayına axıdılırdı. Şəhərin mərkəzindən keçən çirkab suların axıdıldığı bu çay şəhərdə bir çox xroniki xəstəliklərə yol açmışdı. Metropol böyüdükcə, problem də böyüyürdü. Problemə çarə axtaran İngiltərə höküməti London Kanalizasiya Sistemi adlı bir qrum yaratdı. XIX-cu əsrin sonlarında Joseph Bazalgette tərəfindən dünyanın ilk müasir kanalizasiya sisteminin əsası qoyuldu. Temza Su Halqası adlanan kanalın uzunluğu 80 km-ə çatırdı. Bu kanal dünyanın ilk genişmiqyaslı və müasir kanalzasiya sistemi oldu.

Bəs, görəsən, şəhərimizdə qoyulan zibil yeşiyləri nə yerdədir? Zibil maşınları vaxtında gəlirmi?

Artıq, şəhərin müxtəlif yerlərinə çeşidli zibil yeşiyləri qoyulub. Son illərdə ölkəmizdə təkrar emalla bağlı bir neçə addım atılıb, təkrar emal zavodları açılıb. Zibilin təkrar emalı dünya praktikasında özünü doğrultmağdadır. Bu həm kütləvi zibillənmənin qarşısını alır, həm də təkrar emal üçün xammal yaradır. Amma təəssüf olsun ki, bu məslədə də hələ bir addım geridəyik. Şəhərin bir neçə kənd və qəsəbələrində zibil maşınları vaxtında gəlmir, dolub-daşan zibil yeşikləri küçədə anti-sanitar vəziyyətə yol açır. Zibil yeşiklərinin dolub-daşdığının, ətrafa yayıldığının Şahidi olduğum Abşeron rayonunun Xırdalan şəhəridə bu yerlərdən biridir.

Gəlin indi təmizliyə fərdi yanaşaq:

Çox təəssüf olsun ki, bəzilərimiz zibil yeşiyi bir addımlığımızda olduğu halda, təmbəlliyimiz ucbatından əlimizdəki zibili yerə atırıq. Unutmayaq ki, şəhərimizin təmizliyi fərdi təmizliydən də çox aslıdı. İctimai yerlərdə yerə atılan siqaret tullantıları, müxtəlif qida paketləri də zibillənmənin başlıca səbəblərindən biridir.

Nəcməddin Qulizadə

NOCOMMENT.az

Bir şərh yazın