Əcnəbi ilə evlənən qadınlarımızın başlarına gələnlər: Nəyə diqqət etməli?

Dərc edildi: 10 İyn 2022 / Alarli

Son dövrlər Türkiyə vətəndaşları ilə ailə quran azərbaycanlı qadınların sayı artıb. Ancaq təəssüf ki, bəzi qadınlarımız xarici ölkə vətəndaşı ilə ailə qurarkən sənədləşmə işlərinə, aradakı təhsil, mühit və sosial-iqtisadi fərqlərə diqqət etmirlər. Buna görə də bir müddət sonra ailədə münaqişələr yaranır, hətta qadın şiddətə məruz qalsa belə hüquqlarını tələb edə bilmir. Əksəriyyəti isə sənədləri qaydasında deyil deyə, deportasiya olunmaqdan və uşaqlarını bir daha görməyəcəklərindən qorxub hüquq mühafizə orqanlarına müraciət etmirlər.

Türkiyədə yaşayan jurnalist Şəbnəm Karslı deyir ki, azərbaycanlı xanımlar xarici vətəndaşlarla evlənərkən onların ailəsi, işi və təhsili ilə maraqlanmırlar. O bildirir ki, məhz bu cür amillərə görə də Türkiyə vətəndaşları ilə ailə quran hər 10 azərbaycanlı xanımdan 4-ü boşanır.

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şəbnəm Karslı deyir ki, ən son boşanma hadisəsində Azərbaycanlı xanımın doktorantura tələbəsi olduğunu öyrəndik: “Həmin xanım Türkiyədə  pancar tarlası işlədən ailənin oğlu ilə Türkiyəyə qaçıb. Oğlan ibtidai təhsillidir. Təbii  ki, arada təhsil fərqi var. Evlilik cəmi  doqquz ay çəkib. Bu xanım tarlada işlədiyinə görə 2 dəfə yarımçıq hamiləlik keçirib, hal-hazırda boşanırlar. Xanımlarımıza məsləhət görürəm ki, xarici vətəndaşlarla ailə quranda aradakı təhsil fərqinə də diqqət etsinlər. Xarici vətəndaşla evlilik prosesi Azərbaycanda hüquqla tənzimlənir, subaylıq haqqında arayış təqdim olunur. Bu Türkiyədə “bekarlıq belgesi” adlanır. Qarşı tərəf sənədi alıb gətirəndə həmin sənəddən evli olub-olmadığını və yaxud da evlənib boşandığını müəyyən etmək olur. Bu sənədi Azərbaycanda nikaha girmək üçün dövlət tələb edir. Eyni sənəd qadından da tələb olunur. Bu sənədin əvvəlki adı forma iki idi. Hər iki ölkənin vətəndaşı subaylıq sənədini təqdim etdikdən sonra rəsmi nikah bağlanır. Eyni prosedur Türkiyədə də var. Təəssüf  ki, bizim xanımlar rəsmi nikaha girmir, yalnız dini nikah bağlayırlar. Türkiyədə dini nikahın rəsmi nikahdan daha önəmli olduğunu vurğulayırlar. Amma, onlar başa düşmür ki, boşanmaq məsələsi ortaya çıxanda qarşı tərəfdən alimenti və uşaqlarını ala bilmir, hüquqi yardımlardan istifadə edə bilmirlər”.

Şəbnəm Karslı deyir ki, bütün bunlarla qarşılaşmamaq üçün Türkiyə vətəndaşı ilə evlənən qadın ayağını bu ölkəyə qoyan kimi vətəndaşlıqla bağlı müraciət etməlidir: “Ən son qarşılaşdığım hadisədə azərbaycanlı bir xanım sosial mediadan tanış olduğu  Şırnaklı bir bəylə qaçır. Türkiyəyə gələndən sonra oğlanın evli və iki uşağının olduğunu görür. Bunlar imam nikahı bağlayır, sonra uşaqları olur. Həmin uşaqlar o adamın Şırnaklı arvadının adına yazılır. Bir müddətdən sonra qadını bayıra atırlar. Uşaqlarının rəsmi valideyinləri onlar olduğu üçün övladına sahib çıxa bilmir. Keçən ay bizə bir xanım müraciət etmişdi, 52 yaşı var, ailəli, qızları, 17 yaşlı oğlu var. Onları tərk edib, soial şəbəkədən tanış olduğu Türkiyə vətəndaşı ilə qaçıb. Amma yola gedə bilmədikləri üçün cəmi 4 ay bir yerdə yaşaya biliblər. Həm ailəsini qoyub qaçdığı, həm də sənədləri qaydasında olmadığı üçün Azərbaycana qayıda bilmir. Biz xanımlarımızın düşünülməmiş addımlarını görüb heyrətə gəlirik. Bəzən normal münasibətləri olan ailələrdə də sənəd problemi ilə rastlaşırıq”.

Jurnalist deyir ki, qadınlar sənədləşmə prosesini düzgün aparsalar, qarşılaşacaqları hüquq pozuntusunda dövlət onların arxasında duracaq. Türkiyədə qadına şiddət məsələsi dövlətin diqqətində olduğu üçün bu məslədə də problem yaşamayacaqlar.

“Norma” Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev tövsiyə edir ki, xarici ölkə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın hansısa hüquqi problemilə qarşılaşarsa, durumundan asılı olmayaraq, həmin ölkədəki səfirliyimizə və ya konsulluğumuza məlumat verməli, hüquq mühafizə orqanlarından yardım istəməlidir: “Azərbaycan vətəndaşı xarici vətəndaşla ailə qurursa, Azərbaycan qanunvericiliyinə uyğun ailə qura və ya həmin xarici ölkənin Azərbaycandakı konsulluğuna müraciət edə bilər. Bütün xarici ölkələrin konsulluqlarına nikah üçün müraciət etmək olur. Amma vətəndaşlar xarici ölkələrə gedirsə, həmin xarici ölkələrdə onların sənədləri əllərindən alınırsa, ilk işləri həmin ölkənin hüquq mühafizə orqanlarına müraciət etməkdir. Bəzilər uşaqlarının olduğunu, onları qoyub gələ bilmədiklərini söyləyirlər. Onlar bilməlidir ki, uşaqlarla bağlı DNT analizi keçiriləcək. “Uşaqlar mütləq atada qalacaq” deyə, bir qanun yoxdur. Bununla bağlı məhkəmə qərar verəcək. Əgər DNT analizində uşağın həmin ananın dünyaya gətirdiyi təsdiq olunarsa, uşaq anaya da verilə bilər, həmçinin onlar həmin ölkədə də qalıb yaşaya bilərlər. Onların deportasiya ediləcəyi ilə bağlı qayda yoxdur”.

Şamil Paşayev əlavə etdi ki, Rusiya və Türkiyə kimi yaxın ölkələrdə belə problemlər varsa, bu məsələ parlamentlərarası münasibətlər səviyyəsinə qaldırıla, həmçinin bu cür problemlə qarşılaşan şəxs vətəndaş cəmiyyətlərinə, yaxud hüquqşünaslara müraciət edə  bilər.

Mənbədən oxu (APA TV)

Nəcməddin Quluzadə

APA TV

Bir şərh yazın