Hərbi qulluqçuların düzgün qidalanması onların döyüş hazırlığına müsbət təsir edir. Dünya ölkələrində hərbi qulluqçulara əsasən həmin ölkənin milli yeməkləri verilir. Əvvəllər Azərbaycanda da gənc əsgərlərin hərbi hissədə bişirilən yeməklərə adaptasiyası uzun çəkirdi. Son dövrlər orduda milli yeməklərinin verilməsi həmin problemi, demək olar ki, aradan qaldırıb. Artıq hərbi hissələrdə yemək menyusu tərtib olunarkən əsgərlərin təklifləri də nəzərə alınır. Onlara isti yeməklərlə birlikdə kalorili meyvə və çərəzlər də verilir.

“Report” bu istiqamətdə daha bir reportajı təqdim edir;

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsindəyik. Məqsədimiz burada matrosların qidalanma rejimi və şəraiti ilə yaxından tanış olmaqdır.

Bizi burada polkovnik Azər Rzayev qarşıladı. Gəlişimiz hərbi qulluqçuların yemək vaxtına təsadüf etmişdi. Əsgər və kursantlar nizamnamə çərçivəsində yeməkxananın qarşısında düzülür, içəri daxil olmaq üçün komandirin tapşırığını gözləyirdilər. Nizam-intizama yalnız hərbçilər deyil, yeməkxanada çalışan mülki işçilər də riayət edirdilər.

Yeməkxana böyük, səliqəli və təmizdir. Hərbi hissənin bütün şəxsi heyətinin eyni vaxtda qidalanması üçün şərait var. Əsgər yeməkxanasının mətbəxi də genişdir. Burada mülki aşpazlar çalışır. Yeməklərin paylandığı vitrinlərə yaxınlaşırıq. “Katyol”larda milli mətbəxin çeşidli təamları var. Matroslar küftəbozbaş, kotlet və supdan götürərək sıra ilə masalarda əyləşirlər. Eyni zamanda, şəxsi heyətə vitaminli meyvə şirələri, kompotlar da verilir.

Yeməkxana rəisi leytenant Sahib Həsənzadə bildirdi ki, bina 2 mərtəbədən ibarətdir: “Hərbi qulluqçulara sulu, quru və ət yeməkləri verilir. Yeməklər daim isti saxlanılır. Təmizliyə, əsgərlərin rahat şəkildə qidalanmasına xüsusi diqqət yetirilir. Burada quruda və dənizdə xidmət edən əsgərlər, eyni zamanda kursantlar da yemək yeyir. Yeməklər 4 normadan ibarətdir. Ərzaqların kalori dəyəri hər normaya uyğun hesablanır. Xüsusi təyinatlı hərbçilər daha çox fiziki normativlərlə məşğul olduqları üçün onlara verilən kalori dəyəri yüksək olur. Həmin hərbçilərə əlavə olaraq halva, ləpə və zeytun da verilir. Ümumqoşun ərzaq norması isə digər hərbi hissələrlə eyni olur. Dənizçilərə dəniz şəraitində xidmətin təyinatına, kursantlara isə onların dərslərinə və təlimlərinə görə qidalar verilir”.

Daha sonra aşpaz xanımlara yaxınlaşdıq. Gülərüzdürlər. Bildirdilər ki, hərbi hissədə öz evlərindəki kimi yeməklər bişirirlər. Əsgərləri öz övladları hesab edirlər.

Aşpaz Könül Qurbanova ilə qısa söhbətimiz oldu.

– Könül xanım, əsgər valideynləri övladlarını hərbi xidmətə yola salanda ən çox onların yeməkləri barədə narahat olurlar. Burda əsgərlərə hansı yeməkləri bişirirsiniz?

– Səhərlər südlü sıyıqlar, soyutmalar, yumurtalar, kolbasa, cem, yağ, bulkalar olur. Günorta isə milli və sulu yeməklər bişiririk. Əsgərlər üçün kifayət qədər çeşidli yeməklər bişirilir.

– Nə vaxtdan burada çalışırsınız, əsgərlərə yemək bişirmək necə hissdir?

– Yeməkləri qürur hissi ilə bişiririk. Artıq 7 ildən çoxdur ki, burada işləyirəm. Mən də bir oğul anasıyam. Əsgərlərin valideynlərini yaxşı başa düşürəm. Ona görə, çalışırıq ki, hərbçilərimiz keyfiyyətli və dadlı yeməklərlə qidalansınlar.
Aşpaz xanımlarla sağollaşıb, əsgərlərə yaxınlaşdıq.

– Nuş olsun! Özünüzü təqdim edin, zəhmət olmasa!

– Matros Əmənov Muxtar!

– Yeməklər necədir? Sizi qane edirmi?

– Çox yaxşıdır, yeməklərdən çox razıyıq. Evdə yediyimiz yeməklərdən fərqlənmir.

– Menyuya hansısa yeməyin əlavə olunmasını istəyərdinizmi?

– Hazırkı menyu bizi qane edir. Lazım olanda şəxsi heyətin fikri öyrənilərək digər yeməklər də menyuya əlavə olunur.


Matros Qasımov Fuad da burada verilən yeməklərin onları qane etdiyini bildirdi. Onun sözlərinə görə, buradakı təamlar heç də mülki həyatda olan yeməklərdən fərqlənmir.

“Yediyimiz yeməklərin tərkibində kifayət qədər protein var. Bu da gündəlik xidmətimizdə bizi kifayət qədər enerji ilə təmin edir. Bizə normaya uyğun qidalar verilir, həmçinin yeməklərin hazırlanmasında əsgərlərin fikirləri də nəzərə alınır”, – o dedi.

Hərbi qulluqçularla söhbətləşəndən sonra biz də onlara verilən yeməklərdən daddıq. Həqiqətən də ev yeməklərindən fərqlənmirdi…

Beləcə, xoş əhvali-ruhiyyə ilə hərbi hissəni tərk etdik. Azərbaycan Ordusunun ildən-ilə təkmilləşdirilərək müasir standartlara uyğunlaşdırılması, yüksək döyüş hazırlığı, eləcə də şəxsi heyətin qidalanmasında müasir standartlardan istifadə, əlbəttə ki, bizi qürurlandırdı.

FOTO: Ehtiram Cəbiyev

VİDEO: Vüqar Xanlarov

Report İnformasiya Agentliyi

Reportajla bağlı videonu teleqramdan izləyin

Azərbaycan Ordusunda ərzaq normativləri hərbi qulluqçuların təyinatına görə müəyyən olunur. Bu, qoşun növünün gündəlik fəaliyyətinə görə hesablanır. Məsələn, xüsusi təyinatlı qoşun növlərində (Xüsusi Təyinatlı Qüvvələr, Komando hissələri, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı hərbi qulluqçuları və s.) xidmət edən hərbi qulluqçuların qida rasionunda xüsusi kalorili yeməklərdən istifadə olunur. Bu, həmin hərbçilərin döyüş əməliyyatlarında, təlimlərdə itirdikləri enerjini bərpa etmək üçün nəzərdə tutulub. Belə bölgü dünya praktikasında və NATO ölkələrində də var.
2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ildə birgünlük antiterror əməliyyatları zamanı təminat yollarındakı çətinliklərə baxmayaraq, qidalar heç bir problemlə üzləşmədən ön cəbhəyə vaxtında çatdırıldı. Orduda vahid ərzaq anbarının olması isə ərzaqların keyfiyyətinə, çeşidliliyinə, kalori dəyərinə nəzarəti xüsusilə asanlaşdırır.

İşğaldan azad olunan ərazilərə də buradan qida tədarük edilir

Azərbaycan Ordusunda istifadə olunan ərzaqlar haqqında məlumat toplamaq üçün Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına yollandıq. Öncə onu deyək ki, bu anbarda ayrıca laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyada ərzaqların keyfiyyəti yoxlanılır. İstifadəyə yararsız ərzaqlar müəyyən olunduqda geri qaytarılır və rasiondan çıxarılır.

Anbarın girişində hər bir qidanın nümunəsi qoyulub. Konservləşdirilmiş qidalar, yarmalar, soyuq qəlyanaltılar, ləpə və müxtəlif növ ərzaq məhsulları çeşidlənib. Anbardan Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrə, həmçinin işğaldan azad olunan Qarabağ iqtisadi rayonunda dislokasiya olan bölmələrə də qida tədarük edilir, ərzaqlar göndərilir.

Hərbi hissə daxilində hər birinin tutumu 500 ton olan iki əsas anbar vardır. Məhsulların əksəriyyəti yerli şirkətlər tərəfindən istehsal edilir. Burada istənilən hərbi vəziyyət üçün kifayət qədər ərzaq ehtiyatı var. Anbarda gündəlik işlərə mülki işçilər cəlb olunub. Müxtəlif hərbi hissələrə göndərilən ərzaqlar, eləcə də anbara gətirilən məhsulların yerləşdirilməsində onların əməyindən istifadə olunur. Əvvəllər bu işlərdə əsgər əməyindən istifadə edilirdi, bu isə döyüş hazırlığını aşağı salır, hərbi qulluqçuların xidmətinə mane olurdu.

Standartlara cavab verməyən məhsullar geri qaytarılır

Öyrəndik ki, anbarda ərzaqların istifadə müddətinə mütəmadi nəzarət edilir. Tələbata uyğun ərzaq tədarük edildiyi üçün hər hansı bir məhsul saxlanma müddəti bitmədən istifadə olunur. Hər bir məhsul anbara yerləşdirilməzdən öncə laboratoriyada yoxlanılır, standartlara cavab verməyən məhsul geri qaytarılır. Həmçinin, anbarda daxili temperatura nəzarət olunur, bu da məhsulların xarab olmasının qarşısını alır.

Mərkəzi Ərzaq Anbarında məhsulların keyfiyyətinə nəzarət olunduğu laboratoriyaya üz tuturuq. Laboratoriya rəisi mayor Əsgərovla həmsöhbət oluruq. O, anbarda ərzaq keyfiyyətinin necə yoxlanıldığını barədə ətraflı məlumat verdi. Bildirdi ki, şirkətlərdən daxil olan məhsullar laboratoriyada 3 istiqamətdə nəzarətə götürülür. Yoxlandıqdan sonra standartlara cavab verən məhsullar anbara qəbul olunur. Standartlara cavab verməyən məhsullar isə geri qaytarılır. Anbarda çalışan ixtisaslaşmış laborantlar arasında xanımlar da var.

Laborant Aysel Abdullayeva dedi ki, laboratoriya müasir avadanlıqla təmin olunub: “Burada xüsusi soyuducu var, məhsul soyuducuda 36 saat saxlanıldıqdan sonra, onun şişməsinə baxırıq. Quruducu şkafda məhsulun nəmliyini yoxlayırıq. Həmçinin, quru qidaları yoxlamaq üçün də xüsusi avadanlığımız var. İstifadəyə yararsız məhsul müəyyən olunduqda təminatçı təşkilata geri qaytarılır”.

Qeyd edək ki, sözügedən anbarın yerləşdiyi hərbi hissə daxilində Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası da fəaliyyət göstərir. Burada məhsullar daha geniş formada analiz edilir. Belə ki, taxıl və bir çox dənli bitkilərin bakterioloji tərkibi yoxlanılır. Baytarlıq laboratoriyası məhsullar barədə ümumi rəy verir. Müsbət rəy almayan məhsullar təminata buraxılmır. Anbar rəisi bizi həmin laboratoriyaya aparır…

Məhsullar fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinələrdən keçirilir

Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasının rəisi polkovnik-leytenant Anar Məmmədov laboratoriyanın fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası 1994-cü ildən fəaliyyət göstərir. Yuxarı komandanlığın göstərişi ilə 2018-ci ildə Mərkəzi Hərbi Baytarlıq Laboratoriyası yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz olunub. Laboratoriyanın iş fəaliyyəti qida təhlükəsizliyi ilə əlaqədar ölkəmizdə qəbul olunan normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə uyğun təşkil edilib.

“Bu laboratoriyanın vəzifəsi Müdafiə Nazirliyinin şəxsi heyətinin qidalanması üçün nəzərdə tutulan ərzaq məhsullarının keyfiyyətinə nəzarət etməkdir. Burada 6 bölmə fəaliyyət göstərir. Ərzaq məhsulları Mərkəzi Ərzaq Anbarına qəbul edilməzdən əvvəl laboratoriyanın mütəxəssisləri həmin məhsullardan nümunələr götürür və fiziki-kimyəvi, bakterioloji, radioloji və toksikoloji müayinələrdən keçirirlər. Müayinə olunan ərzaqlar dövlət standartlarının və qida təhlükəsizliyi normativ aktlarının tələblərinə cavab verdikdə məhsulların keyfiyyətinə dair müvafiq rəy tərtib edilir və yalnız bundan sonra həmin ərzaq məhsulları Mərkəzi Ərzaq Anbarının saxlanclarına qəbul edilir”, – A. Məmmədov dedi.

O əlavə etdi ki, saxlanclardakı ərzaq məhsullarının keyfiyyətinə daim nəzarət etmək üçün laboratoriyanın mütəxəssisləri yay aylarında ayda 4 dəfə, qış aylarında isə 2 dəfədən az olmayaraq ərzaqlara baxış keçirirlər. Lazım gəldikdə nümunə götürülərək təkrar müayinələr aparılır. Bundan əlavə, mütəmadi olaraq anbarlarda deratizasiya, dezinfeksiya, dezinseksiya və deqazasiya tədbirləri görülür.

Laboratoriyadan çıxaraq hərbi hissənin ərazisini gəzdik. Bizə burada olan hər bir anbarın təyinatı barədə məlumat verildi. Bildirildi ki, 44 günlük Vətən müharibəsində, antiterror tədbirlərində və bir digər döyüş əməliyyatlarında anbar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Hərbi qulluqçuları keyfiyyətli və təxirəsalınmaz ərzaqla təmin etmək üçün maksimum səy göstərilib.

Anbar istənilən hərbi vəziyyət üçün döyüşə hazır vəziyyətdədir

Sonra Mərkəzi Ərzaq Anbarının rəisi polkovnik Camal Kərimov suallarımızı cavablandırdı.

– Cənab polkovnik, anbarın fəaliyyəti ilə tanış olduq, hansı hərbi hissələrə buradan ərzaq göndərilir?

– Buradan Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Müdafiə Nazirliyinin tabeçiliyində olan bütün hərbi hissələrə ərzaq göndərilir. Ərzaqlar təyin edilmiş istiqamətlərə müxtəlif nəqliyyat vasitələri ilə çatdırılır.

– Məlumata görə, hərbi hissələrin daxilində çörəkbişirmə sexləri yaradılır. Bu sexlərə kim nəzarət edir? Həmin sexlərə müəyyən olunan xammal təminatı haradan tədarük olunur?

– Həmin sexlərin un və maya məhsulları mərkəzi anbardan tədarük olunur, amma sexlərə Müdafiə Nazirliyinin Ərzaq Xidməti və Hərbi Baytarlıq xidməti nəzarət edir.

– Anbarda saxlanılan məsulların hamısı yerli istehsaldır?

– Məhsulların əksəriyyətini Müdafiə Nazirliyinin sifarişi əsasında yerli şirkətlər istehsal edirlər. Elə ərzaqlar da var ki, xaricdən idxal olunur. Biz ərzaq nümunələrini nazirliyə göndəririk, şirkətlərlə müqavilə bağlanarkən bu nümunələrdəki keyfiyyətlər əsas götürülür.

– Anbarda saxlanılan ərzaqların çeşidləri barədə məlumat verə bilərsiniz?

– Anbarda ərzaq çeşidləri çoxdur. Bura qaymaq çeşidləri, Holland pendirləri, əncir, xurma qurusu, ləpələr – qoz, fındıq, badam, hazır yeməklər, şüyüdlü düyü, ət məhsulları, konservləşdirilmiş dolmalar, eləcə də qarabaşaq, bulqur, arpa yarması, mərcimək çeşidləri və s. daxildir.

– Həmin məhsulların kalori dəyəri hesablanırmı?

– Hərbi hissələrin qida cədvəli var. Həmin qida cədvəlinə əsasən, ərzaqlar kalori dəyərinə görə şəxsi heyətə verilir. Hər bir qoşun növünün öz xüsusi qida norması var. Məsələn, xüsusi təyinatlı qüvvələr və digər xüsusi təyinatlı hissələr üçün daha kalorili ərzaqlardan istifadə edilir.

Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının fəaliyyəti ilə tanışlıq sayəsində bir daha əmin olduq ki, güclü Azərbaycan Ordusunun arxasında sağlam qida və nizam-intizam dayanır.

Foto: Ehtiram Cəbiyev
Video: Vüqar Xanlarov

Report İnformasiya Agentliyi

Hərbçilərin düzgün qidalanması müdafiə sisteminin vacib şərtlərindəndir. Çünki qidalanma onların gündəlik fəaliyyətinə, döyüş hazırlığına, təlim-tədrisinə təsir edən əsas amillərdəndir. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qidalanma rasionunda və rejimində də zaman-zaman müəyyən yeniliklər edilib. Hazırda da bu istiqamətdə NATO standartları tətbiq edilməkdədir.

Dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Ordusu hələ tam formalaşmamışdı, texnika ilə təchizat bir yana, şəxsi heyətin normal qidalanmasında ciddi problemlər vardı. Vahid qidalanma cədvəli yox idi, hərbçilərin gündəlik qida rasionu düzgün tənzimlənmirdi. Nəticədə əsgərlər əllərində torba və ya su bidonları ilə rayon mərkəzlərinə, kəndlərə enirdilər. Qapı-qapı gəzib çörək və digər yeyəcəklər yığırdılar, artezianlardan su daşıyırdılar. Hətta faktlar var ki, keçmiş döyüş bölgələrində, düşmənlə cəbhə xəttinə yaxın yaşayış yerlərində bir evdə 5 çörək bişirdisə, onun ikisi hərbçilər üçün ayrılırdı. Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti və bir neçə rayonun işğalını nəzərə alsaq, bunların nə qədər acı bir durum olduğunu təsəvvür etmiş olarıq. Təəssüf ki, 1990-cı illərin əvvəlləri Azərbaycan hərb tarixində məhz belə yadda qalıb.

Azərbaycan dövləti siyasi və iqtisadi cəhətdən inkişaf etdikcə hərbi sahə də dirçəlməyə başladı. Bununla belə, çatışmayan hələ çox şey vardı. Burada da zamana ehtiyac duyulurdu və o zaman çox sürətlə keçdi.

Artıq Azərbaycan əsgəri kimdənsə çörək almır. Çünki Silahlı Qüvvələrdə vahid və nizamlı qida rasionu və təminatı yaradılıb. Müasir standartlara cavab verən bütün hərbi hissələr soyuducu anbarlarla təchiz edilib. Həmçinin, hərbi hissə daxilində təsərrüfat işlərinə mülki işçilər cəlb olunub, artıq əsgər yeməkxanalarında əsgərlər deyil, mülki aşpazlar çalışır.

Ordunun gündəlik qidalanması necə təşkil olunur, qida rasionuna nələr daxildir?

Bu suala cavab tapmazdan əvvəl dünyanın bəzi qabaqcıl ölkələrində hərbi qulluqçuların qida rasionuna diqqət çəkək;

“Business İnsider”in araşdırmasına görə, ABŞ Silahlı Qüvvələrində konservləşdirilmiş hərbi qidalar mülayim temperaturda 3,5 il, isti iqlimdə isə doqquz ay ərzində təzə qalır. Ordunun qida rasionunda “fastfood”lardan və 3 illik saxlama müddəti olan pizzalardan da istifadə olunur. ABŞ hərbçiləri daha çox “MRE” – yeməyə hazır qidalardan istifadə edirlər. Bu qidaları xüsusi isitməyə və hər hansı bir qatqı əlavə etməyə ehtiyac olmur. Onların seçimlərinə lobya, toyuq əriştəsi və spagetti daxildir. Həmçinin, kraker, pendir, qurudulmuş meyvə içkiləri, badam, xaşxaş toxumu da “MRE” formasında qida rasionuna daxil edilib. Əsgərlər hətta ad günlərini xüsusi “MRE” tortlar ilə qeyd edə bilirlər. Alimlərin tədqiqatlarından sonra 3 il saxlama müddəti olan bibərli pizza da hərbçilərin qida rasionuna daxil edilib. Bəzi hallarda dini və sosial baxışlarına görə (vegeterianlar və s.) onların qida rasionuna digər yeməklər də əlavə olunur.

Böyük Britaniyada əsgərlərin qida rasionuna milli yemək olan “toyuq tikka masala” əlavə olunub. Onlara, həmçinin vegetarian yeməkləri, makaron, donuz əti və lobya da verilir.

Cənubi Koreyada əsgərlərə toyuqlu düyü, lobya, donuz əti kolbasaları, küftələr, qurudulmuş ədviyyatlı tərəvəz bulyonu verilir. Koreyanın dəniz piyadaları potensial təhlükələrə hazır olmaq üçün hərbi təlimlər zamanı heç bir qatqıya və isitməyə ehtiyacı olmayan hazır yeməklərlə qidalanırlar. Bu ölkənin ordusunda milli yemək kimi düyü və ət tərkibli “bibimbap”dan da istifadə edilir. 2020-ci ildə ordu əsgərlərin tezliklə vegan yeməkləri yeyə biləcəklərini bəyan edib. Yeni menyuya “tofu”, tərəvəzlər, salatlar və vegetarian “bibimbap” da daxil edilib.

Bəs Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçuların qida rasionunda hansı yeniliklər edilib? Bu istiqamətdə NATO və qardaş Türkiyənin qidalanma sistemi necə tətbiq olunur? Bir sözlə, şəxsi heyətin qida rasionu müstəqilliyin ilk illərindəki vəziyyətdən nə ilə fərqlənir?

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və bölmələrinin hərbi qulluqçularının gündəlik isti yeməklərlə qidalanması hərbi hissələrdə (gəmilərdə) ştata uyğun yeməkxanalar, kambuzlar va kayut-kompaniyalar vasitəsi ilə həyata keçirilir:

Azərbaycan Ordusunda qidalanma – hansı yeməklər verilir?

“Hərbi qulluqçuların kontingenti və onların qida təminatı normalarından aslı olaraq hərbi yeməkxanalar əsgər, matros, kursant və zabit yeməkxanalarına bölünür. Şəxsi heyətin qidalanmasının düzgün təşkili, onların səhhətlərinin qorunması və möhkəmləndirilməsi, həmçinin döyüş və ictimai hazırlığının yüksəldilməsi ən mühüm şərtlərdəndir. Buna görə də hərbi hissə komandirləri, maddi-texniki təminat bölmə rəisləri və ərzaq xidməti rəisləri şəxsi heyətin keyfiyyətli, tam dəyərli, dadlı və müxtəlif çeşidli yeməklərlə qidalanmasının təmin edilməsinə daim qayğı göstərirlər.

Hərbi qulluqçuların ərzaq payı normaları Nazirlər Kabinetinin 08 yanvar 2013-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilib. Ərzaq payı normaları əsas və quru ərzaq paylarına bölünür. Əsas ərzaq payı normalarına ümumqoşun ərzaq payı norması, dənizçi heyəti üçün ərzaq payı norması, uçuş heyəti üçün ərzaq payı norması, müalicə ərzaq payı norması və kursant ərzaq payı norması daxildir. Hərbi lisey kursantları üçün ərzaq payı normasına xüsusi təyinatlı dəstələrinin ərzaq payı norması, kəşfiyyat qrupları üçün ərzaq payı norması, ümumqoşun quru ərzaq payı normaları daxildir. Əsas ərzaq payı normalarından başqa müxtəlif xüsusi şəraitlərdə xidmət edən hərbi qulluqçulara müxtəlif əlavə ərzaqlar verilir. Əsas ərzaq payı normasına əlavə ərzaqların verilməsi hərbi qulluqçuların müxtəlif iqlim, ərazi və çətin xidmətlə bağlı şəraitlərdə enerjisini daha da çoxlu miqdarda itirməsi ilə əlaqələndirilir”.

Nazirlikdən qeyd edildi ki, adi şəraitdə xidmət edən hərbi qulluqçuların ərzaq payı normalarının enerji dəyəri ümumqoşun ərzaq payı norması üzrə 4000-4100 kkal, dənizçi heyəti üçün ərzaq payı norması üzrə 4035-4120 kkal, uçuş heyəti üçün ərzaq payı norması üzrə 4385-4450 kkal, müalicə ərzaq payı norması üzrə 3934-4000 kkal, kursant ərzaq payı norması üzrə 3930-4050 kkal, hərbi lisey kursantları üçün ərzaq payı norması üzrə 4400-4500 kkal, xüsusi təyinatlı dəstələrin ərzaq payı norması üzrə 4974-5000 kkal eneji dəyərinə malikdir.

Ərzaq növlərinin çeşidləri 50 növdən 125 növə çatdırılıb

Nazirlikdən, həmçinin qeyd edildi ki, iş günü hesab olunmayan bayram günlərində normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilir: “Hərbi hissələrin təhlükəli, əlverişsiz, yüksək dağlıq şəraitində yerləşən bölmələrinin şəxsi heyəti üçün uzunmüddətli konservləşdirilmiş 1-ci və 2-ci hazır milli və keyfiyyətli yeməklərlə təmin edilməsi üzrə lazımi tədbirlər görülüb. Belə ki, tez bir zamanda yeməklərin hazırlanmasını asanlaşdırmaq və şəxsi heyəti çeşidli yeməklə təmin etmək məqsədi ilə müxtəlif çeşidli dolmalar (kələm, badımcan, pomidor, bibər, qarışıq dolma), küftə, tas kabab, ətli noxud, ətli lobya, ətli yaşıl lobya və mərcimək şorbası konservləşdirilmiş halda şəxsi heyətin qidalanmasına daxil edilib.

Şəxsi heyətin qidalanmasının yaxşılaşdırılması məqsədi ilə ərzaq növlərinin çeşidləri artırılaraq 50 növ ərzaqdan 125 növ ərzağa çatdırılıb. Yeni inşa edilən yeməkxanalarda şəxsi heyət üçün isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması üçün çörəkbişirmə sexləri nəzərdə tutulub. Həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları olaraq müxtəlif çeşidli bulkalar və pirojkilər bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələrində müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam etdirilir. Yeməklərin keyfiyyətinin və çeşidliliyinin artırılması, eləcə də şəxsi heyətə milli, dadlı xörəklərin hazırlanmasının təmin edilməsi məqsədilə əsgər aşpaz heyəti peşəkar mülki aşpaz heyəti ilə əvəz olunub”.

Qurumun mətbuat xidmətinin məlumatına görə, şəxsi heyətin mənəvi-psixoloji durumu öyrənilən zaman məlum olub ki, qidalanma zamanı əsgərlər tərəfindən milli yeməklərə üstünlük verilir: “Bu da çox müsbət qarşılanır. Bu səbəbdən sovet ordusunun dövründə olan buğda yarması, darı, arpa, yulaf kimi ərzaq növləri əsas normadan çıxarılaraq, milli yeməklərimiz olan küftə, parça-bozbaş, qarışıq dolma, düşbərə, müxtəlif çeşidli plov və digər milli yeməklərlə əvəz olunub. Azərbaycan Ordusunda şəxsi heyətin qidalanması və gündəlik normanın çatdırılması daimi olaraq nəzarətdə saxlanılır. Şəxsi heyətin təzə ərzaq məhsulları ilə təmin edilməsi üçün əlavə olaraq zəruri tədbirlər həyata keçirilir. Bundan başqa, uzun müddətdir ki, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədi ilə Azərbaycan Ordusunda hərbi qulluqçular təsərrüfat işlərinin görülməsi və yeməklərin hazırlanması kimi işlərdən azad edilib”.

Daxili Qoşunlarda qidalanma necədir?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a bildirildi ki, Daxili Qoşunlarda şəxsi heyətin normaya uyğun, keyfiyyətli qidalanması diqqət mərkəzindədir.

“DİN-in Daxili Qoşunlarının hərbi hissələrinin əsgər yeməkxanalarının fəaliyyəti normativlərə uyğun təşkil olunur. Hərbi hissə komandanlığının xüsusi nəzarətində olan əsgər yeməkxanalarında hazırlanan qidanın keyfiyyəti, eləcə də buradakı səliqə-sahmana və gigiyenik qaydalara ciddi əməl edilir. Qidaların hazırlanması və rasiona uyğun təşkili ilə xüsusi hazırlığı ilə seçilən mülki işçi heyəti məşğul olur. Hərbi hissələrdə şəxsi heyətinin qida rasionunda milli mətbəxə üstünlük verilir. Belə ki, şəxsi heyətin qidalanması müvafiq əmrin tələbləri əsasında təşkil olunur. Həftə ərzində hərbi qulluqçular normativlə müəyyən olunan qida ilə təmin edilir. Xüsusilə qida rasionuna birinci xörək yarmalı şorba, lobya şorbası, kələm borşu, düyü şorbası, noxud şorbası, küftə bozbaş, ikinci xörək olaraq isə qarabaşaq – mal əti ilə, makaron – mal əti ilə, plov – mal əti ilə, kartof əzməsi – mal əti ilə, kartof əzməsi – mal əti konservası ilə, kələm dolması, mal əti sousu və s. daxildir. Bununla yanaşı, gündəlik olaraq mövsümi salatlar və meyvə şirələri də verilir”, – məlumatda qeyd olundu.

Bəzi ölkələrdə hərbi qulluqçulara spirtli içkilər verilir

Hərbi ekspert Tərlan Eyvazov “Report”a açıqlamasında bildirdi ki, Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçuları müstəqilliyin ilk illərində keçmiş Sovet İttifaqı qaydaları ilə qidalanırdılar.

“Son dövrlər orduda hərbi qulluqçuların qidalanmasında yeniliklər edilib. Hazırda daha çox milli mətbəxə üstünlük verilir. Bu proses 10 il əvvəl başlayıb. Hərbi hissələrdə əvvəllər əsgər əməyinə əsaslanan təsərrüfat işlərinə, hərbi qulluqçuların gündəlik yeməklərinin hazırlanmasına mülki işçilər, qadın aşpazlar cəlb olunublar. NATO və Sovet İttifaqı standartları arasında böyük fərq var. NATO-da tətbiq olunan standartlar daha mükəmməldir. Biz bunu qardaş Türkiyənin hərbi sistemində müşahidə edirik. Türkiyə Silahlı Qüvvələri ilə hərbi əməkdaşlıq çərçivəsində qida təminatı onlara uyğunlaşdırılıb. Türkiyə Ordusunun qida təminatı da NATO standartlarına əsasən təşkil olunur. Müəyyən ölkələr var ki, həmin ölkələrdə hərbi qulluqçulara spirtli içkilər də verilir. Azərbaycanda yerli şirkətlər ordu üçün quru qidalar istehsal edirlər. Hər il ordunun qida təminatında yeniliklər edilir. Müstəqilliyin ilk illərində hərbi qulluqçuların qida rasionunda ətin miqdarı azaldılmışdı. Hazırda daxili istehsal imkan verir ki, ordu kifayət qədər keyfiyyətli qida ilə təmin edilsin”, – T.Eyvazov dedi.

Hərbi ekspert Üzeyir Cəfərov da “Report”a bildirdi ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qida rasionunda müstəqilliyin ilk illəri ilə müqayisədə xeyli dəyişiklik edilib, müsbət istiqamətdə irəliləyişlər müşahidə olunur.

“Bununla belə hələ də köhnə standartlardan tam imtina olunmayıb. Prezident İlham Əliyev ordunun NATO və Türkiyə standartlarına uyğunlaşdırılması barədə göstəriş verib. Bu istiqamətdə bir sıra yeniliklər olub və yenə də olacağı gözlənilir. Bu gün istənilən hərbi qulluqçuya müraciət etsək, onlar qidalanmadan şikayət etməyəcəklər, çünki hərbi hissələrdə gündəlik 3 dəfə, təyinatına görə bəzi qoşun növlərində isə 5 dəfə qida ilə təminat olur. Keçmiş Sovet İttifaqı dövründə hərbi qulluqçuların qidalanması primitiv üsullarla aparılırdı. Lakin bəzi müsbət tərəflər də var idi. Qidalar laboratoriyalarda yoxlanılır, onların enerji dəyəri müəyyən olunur, hərbi qulluqçular fiziki aktivliklərinə görə müxtəlif qidalarla təmin olunurdular”, – ekspert qeyd etdi.

Türkiyədə hərbi qulluqçuların qidalanmasında Osmanlı izi

Türkiyəli hərbi ekspert Osman Qazi Kandemir “Report”a açıqlamasında bildirdi ki, Türkiyə Silahlı Qüvvələrinin qidalanmasında Osmanlıdan qalan ənənəvi qidalanma sistemindən istifadə edilir.

“Bu sistemdə hərbi qulluqçular əvvəlcədən hesablanan gündəlik kalori tələbatına uyğun qidalarla təmin olunur. Qidaların aylıq maliyyəti hesablanır. Bu hesaba görə hər əsgərə müəyyən miqdarda pul ayrılır. Bu pullar cəmlənərək qoşun və birliklərə hərbi qulluqçuların qida rasionunun təmin edilməsi üçün hesablanır. Mərkəz ərzaq məhsullarını alaraq birliklərə paylayır. Zabitlərin gündəlik qida tələbatının ödənilməsi üçün əlavə vəsait verilir. Onlar birliklərdə yemək yeyəndə həmin qidanın xərci onlara ayrılan vəsaitdən çıxılır. Bu, Osmanlı dövründən davam edən bir sistemdir. NATO və bəzi Qərb ölkələrində fərqli sistemdən istifadə olunur. Onlar xüsusi yetişdirilən hərbi qulluqçular, birliklər üçün nəzərdə tutulan ödənişsiz qidalardan istifadə edirlər. Azərbaycan Silahlı Qüvvələrində də Türkiyənin hərbi təcrübəsindən istifadə edilir. Təbii ki, bura hərbçilərin qidalanması da daxildir. Ola bilər ki, Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçuların sayı artdıqca fərqli sistem istifadə edilsin”, – türkiyəli ekspert vurğuladı.

Beləliklə, bir daha əmin olduq ki, hərbi qulluqçuların qidalanması onların döyüş qabiliyyətinə birbaşa təsir göstərir. Bunu 2020-ci ildə 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimiz də sübut etdi. Əgər zamanın tələbi ilə zamanında ayaqlaşmasaydıq, ordu quruculuğunu kompleks şəkildə formalaşdırmasaydıq, bugünkü Azərbaycan Ordusu ilə fəxr edə bilməzdik. Bu gün isə Ordumuzla qürur duyuruq. Çünki o, qalib ordudur!

Report İnformasiya Agentliyi

HƏRBİ

30 Yanvar , 2024 12:46

Son illər Azərbaycan Silahlı Qüvvələrində Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) standartlarının tətbiqi aktual məsələyə çevrilib. Bu sahədə qardaş Türkiyə Cümhuriyyəti ilə hərbi əməkdaşlıq ön plana keçib.

Hələ 30 il öncə – 4 may 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. 2008-ci ildən etibarən təhsil sahəsində NATO ilə əməkdaşlıq edən Azərbaycan Ordusu NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramından yararlanmaqla tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılması, eləcə də pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində ciddi işlər görüb.

Bəs bu gün Azərbaycan Silahlı Qüvvələrinin strukturunda, döyüş hazırlığında, təlim-tədris prosesində və digər sahələrdə hansı NATO standartları tətbiq edilir? Azərbaycan-NATO əməkdaşlığı hazırda nə yerdədir və bu əməkdaşlıq Silahlı Qüvvələrdəki qoşun və birliklərə hansı üstünlüklər qazandırır? Həmçinin, bu istiqamətdə ordu quruculuğunda Türkiyə hərbi sisteminin rolu nədən ibarətdir?

Öncə qeyd edək ki, bu vaxta qədər Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində bir sıra proqramlar icra olunub. Onlara Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, “Tərəfdaşlığın Qərargah Vəzifələri” Konsepsiyası, Hərbi təhsil sahəsində əməkdaşlıq, “Sülh və Təhlükəsizlik Naminə Elm” Proqramı, “Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy” Proqramı daxildir.

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib”

Bunu Prezident İlham Əliyev 14 dekabr 2021-ci il tarixdə NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı zamanı deyib.

“Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Əlbəttə ki, bu, birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir”, – İlham Əliyev vurğulayıb.

Bu arada qeyd edək ki, Azərbaycan NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Əfqanıstanda “Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri” Missiyasını həyata keçirib. Belə ki, 20 noyabr 2002-ci ildə Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.

15 yanvar 2008-ci ildə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu ildə Azərbaycan Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib və 19 fevral 2009-cu il tarixindən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsinin və ISAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçirib. 5 oktyabr 2010-cu ildə Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Ordusunun töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.

Bu missiya 26 avqust 2021-ci ildə başa çatıb. Belə ki, Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da bu ölkədən çıxıb.

Əfqanıstanla yanaşı, Azərbaycan sülhməramlıları “Kosovo Qüvvələri” Əməliyyatında, İraq Respublikasında, “Qətiyyətli Dəstək” Missiyasında, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarında da fəal iştirak edib.

Azərbaycan gələcəkdə də dünyanın hər hansı bir münaqişə zonasına hərbçi göndərə bilər

Ehtiyatda olan polkovnik, I Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov “Report”a açıqlamasında bildirdi ki, dünyada mövcud olan qabaqcıl təcrübələr Azərbaycan Ordusunda da tətbiq edilir. Buna sübut olaraq 2020-ci ildə 44-günlük Vətən müharibəsi, eləcə də 2023-cü ildə antiterror əməliyyatlarında Azərbaycan Ordusunun uğurlarını nümunə göstərmək olar.

“Bu gün Azərbaycan Ordusunda NATO-nun bir sıra təcrübələri tətbiq olunur. NATO sistemi dedikdə, təşkilata daxil olan ölkələrin yaratdıqları ordu modeli nəzərdə tutulur. Hər bir ölkə gələcəkdə ola biləcək riskləri nəzərə alaraq öz ordusunu qurur. NATO ölkələri ilə əməkdaşlıq və bu ölkələrin təcrübələrinin orduda tətbiq olunması istiqamətində görülən, eləcə də görüləcək işlər Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa bəyannaməsində öz əksini tapıb. Prezident İlham Əliyev Azərbaycan Ordusunda Türkiyə modelinin tətbiq olunması ilə bağlı göstəriş verib. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə xeyli işlər görülüb. İki ölkə arasında nəzərdə tutulan hərbi əməkdaşlıq daxilində Müdafiə Nazirliyində struktur dəyişikliyi və hərbi sənayedə bir sıra birgə layihələr həyata keçirilib. Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində təşkilatla sıx əməkdaşlıq edir”, – Ş.Ramaldanov dedi.

Hərbi ekspert vurğuladı ki, Azərbaycanın NATO yanındakı nümayəndəliyi indiyə qədər Balkan ölkələrində, Əfqanıstanda və İraqda fəaliyyət göstərib, eləcədə hazırda Afrika ölkələrində təşkilatın tədbirlərində fəal iştirak edir: “Azərbaycan Ordusunun təşkilatın sülhməramlı kontingentdə fəaliyyət göstərən xüsusi bölmələri var, NATO bu bölmələri mütəmadi olaraq yoxlanışdan keçirərək sertifikatlaşdırır. Azərbaycan gələcəkdə də dünyanın hər hansı bir münaqişə zonasına Sülh naminə Tərəfdaşlıq Proqramı çərçivəsində hərbçi göndərə bilər. Ordunun bu istiqamətdə təcrübəsi var, eləcə də təşkilat Azərbaycanın sülhməramlı kontingentin nəzdində Əfqanıstandakı fəaliyyətini dəfələrlə mükafatlandırıb. Təşkilatın Əfqanıstandakı sülhməramlı kontingenti ilə bağlı film çəkilib, bu filmdə Azərbaycan hərbçilərinin sülhməramlı kontingentdə nümunəvi fəaliyyəti qeyd olunub, sözügedən film təşkilata üzv olan ölkələrdə ali hərbi məktəblər üçün dərs vəsaiti kimi istifadə olunur”.

Azərbaycanın NATO ilə 6-cı dövr üzrə əməkdaşlığın davam etdirilməsi müzakirə olunur

Hərbi ekspert Ədalət Verdiyev isə “Report”a bildirdi ki, NATO standartlarının Azərbaycanda tətbiqi 1994-cü ildən sonra başlayıb.

Onun sözlərinə görə, Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycanın Türkiyə Silahlı Qüvvələri ilə daha yaxından əməkdaşlıq etməsi və bu ölkənin hərbi modelinin Azərbaycanda tətbiq olunması NATO standartlarının tətbiqi kimi dəyərləndirilməlidir: “Azərbaycan Alyans ilə bir neçə proqram üzrə əməkdaşlıq edir. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı bunlardan biridir. Bu proqramda 5 dövr üzrə Müdafiə Nazirliyi ilə tərəfdaşlıq nəzərdə tutulurdu. Nazirlik Alyans ilə 10 il bu əməkdaşlığı davam etdirmişdi. Hazırda 6-cı dövr üzrə əməkdaşlığın davam etdirilməsi müzakirə olunur. Azərbaycanda NATO standartları bütün qoşun növlərində – həm Müdafiə Nazirliyində, həm Dövlət Sərhəd Xidmətində, həm də Daxili Qoşunlarda tətbiq olunur. Azərbaycan Alyans ilə 22 ildir tərəfdaşlıq edir. Silahlı Qüvvələrin zabitləri NATO-nun təlimlərində iştirak edir, eləcə də təşkilatın tədris proqramından istifadə edirlər. Həmçinin, NATO yanında daimi nümayəndəlik fəaliyyət göstərir”.

Ə.Verdiyev əlavə etdi ki, Alyansla geniş hərbi tərəfdaşlıq daha çox özünü tədris sahəsində göstərir. Bütün hərbi təhsil müəssisələri Milli Müdafiə Ordusunun nəzdində fəaliyyət göstərir. Burada tədris planı Türkiyə hərbi təhsilinə uyğunlaşdırılıb.

“Azərbaycan eyni zamanda NATO-ya üzv olan müxtəlif ölkələrlə ayrılıqda əməkdaşlıq edir. Bu ölkələrə Türkiyə, Macarıstan, İtaliya, Serbiya, Rumıniya və s. daxildir. Müstəqillik bərpa olunduqdan sonra Alyansa üzv olan bəzi ölkələr ilə də mübahisələr yaranıb, lakin bu mübahisələr hərbi yox, siyasi müstəvidə olub. Azərbaycan öz maraqları çərçivəsində təşkilata üzv olan istənilən ölkə ilə əməkdaşlıq edə bilər. Gələcəkdə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində dünyanın hər hansı bir münaqişə zonasına hərbçi göndərmək hərbi rəhbərlik səviyyəsində müzakirə olunmur, lakin zərurət yarandıqda bu heyət dünyanın münaqişə zonalarında istənilən vəzifəni yerinə yetirməyə hazırdır”, – deyə hərbi ekspert vurğuladı.

Azərbaycan öz ordusunda NATO və keçmiş Sovet İttifaqı təcrübəsini birləşdirən yeganə dövlətdir

Mövzu ətrafında Türkiyə Silahlı Qüvvələnin ehtiyatda olan generalı Yücel Karauzla da danışdıq.

O qeyd etdi ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq Azərbaycanın müstəqilliyini qazadıqdan sonra başlayıb. Bu hərbi əməkdaşlıq artan səviyyədə davam edir: “Türkiyə Silahlı Qüvvələri dünyada 8-ci, NATO ölkələri arasında isə ikinci ən güclü ordudur. Türkiyə hərbi məktəblərində azərbaycanlı hərbçilər də təhsil alır. Azərbaycanda Türkiyə hərbi təhsil standartları çərçivəsində hərbi təhsil müəssisələri Milli Müdafiə Universiteti nəzdində cəmlənib. Eyni zamanda, iki ölkə hərbçiləri Əfqanıstanda NATO-nun sülhməramlı kontingentində birgə fəaliyyət göstərib, Azərbaycanlı zabitlər NATO qərargahında bu qurumla sıx əməkdaşlıq edib. NATO-nun hər iki ölkədə başlatdığı illik hərbi təlimlərin sayı 17-18-ə qalxıb. Bu təlimlərə son dövrlərdə Gürcüstan və Pakistan da qoşulub”.

Y.Karauz 44-günlük Vətən müharibəsindən sonra iki ölkə arasında olan hərbi əməkdaşlığın nəticəsi kimi Azərbaycan Ordusunda Quru Qoşunlar Komandanlığının və Komando briqadalarının yaradılmasını, ordunun 24 saat ərzində istənilən ərazi və hava şəraitində hərbi əməliyyatlara hazır hala gətirilməsi üçün birgə fəaliyyətlərin həyata keçirildiyini vurğuladı.

“Azərbaycan dünyada yeganə dövlətdir ki, ordusunda NATO və keçmiş Sovet İttifaqı təcrübəsini birləşdirir. Azərbaycan NATO missiyasında fəaliyyət göstərən bir taboru var. Bu taborda Türkiyə və Azərbaycan zabitləri birgə fəaliyyət göstərir. NATO nümayəndələri ildə bir dəfə bu birliklərin döyüş hazırlığını, təlim və tədrisini, eləcə də təchizatını yoxlayır. Azərbaycan və Türkiyə isə eyni anda müdafiə sənayesi sahəsində, hərbi aviasiyada, eləcə də dəniz şəraitində birgə hərbi əməkdaşlıq edir. İki ölkə arasında imzalanan Şuşa bəyannaməsi Bakının təhlükəsizliyini Ankaradan, Ankaranın təhlükəsizliyini isə Bakıdan təmin edir”, – deyə türkiyəli general əlavə etdi.

NATO-nun Azərbaycan hərbçilərinə münasibəti

NATO-nun Əfqanıstandakı sülhməramlı kontingentində xidmət etmiş Azərbaycan hərbçisi Elçin Əhmədov “Report”a bildirdi ki, o, digər azərbaycanlı hərbçilərlə birgə Əfqanıstanda Həmid Karzai adına Beynəlxalq Hava Limanının mühafizəsini təşkil ediblər:

“Həmin hava limanının nəzarət-buraxılış məntəqəsini (MBM) azərbaycanlı hərbçilər mühafizə edirdilər. Biz həmin NBM-in gecələr müdafiəsini, gündüzlər isə müşahidəsini təşkil edirdik. Belə ki, həmin buraxılış məntəqəsindən keçən avtomobillərə, eləcə də şəxslərə nəzarət edirdik. Xidmət çox yüksək səviyyədə təşkil olunurdu. Azərbaycanlı hərbçilər onlara həvalə olunan məntəqəni etibarlı mühafizə və müdafiə edirdilər. Şəxsi heyətin qidalanmasında Türkiyə yeməklərindən istifadə olunurdu. Xarici hərbçilər də bizi öz yeməkxanalarına dəvət edirdilər. Gündəlik xidmətimizdə ayıq-sayıqlıq tələb olunurdu. Biz Azərbaycanın adını xarici ölkədə təmsil edirdik, ona görə də xidmətimizi elə təşkil edirdik ki, hər hansı bir nöqsan olmasın. Təhlükəli ərazini mühafizə etdiyimiz üçün maksimum dərəcədə diqqətli olmağımız tələb edilirdi. Həmin dövrdə Türkiyə hərbçiləri ilə birgə təlimlərdə iştirak edirdik”.

Hərbçi əlavə etdi ki, xidmət dövründə NATO-nun Azərbaycan hərbçilərinə münasibəti çox yaxşı idi: “Onlar bizim xidməti yüksək qiymətləndirir, bütün tədbirlərdə azərbaycanlıların xidmətlərini xüsusi qeyd edirdilər. Həmçinin, bizim hərbçiləri tərifnamə və təşəkkürnamə ilə də təltif edirdilər. Türkiyə hərbçiləri də azərbaycanlı hərbçilərin sülhməramlı missiyasını və xidmətdə fəaliyyətlərini xüsusi qeyd edirdilər”.

Azərbaycanın NATO Ortaq Qüvvələr Birliyinə bəyan edilən hərbi bölmələri

Azərbaycan Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirildi ki, NATO-nun “Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramı” Azərbaycan Ordusunun inkişafına xidmət edən NATO-nun çoxmillətli müasir ordu quruculuğu təcrübəsini özündə cəmləşdirən əhəmiyyətli mexanizmlərdən biridir:

“Bu proqram Ordunun müvafiq bölmələrinin müasir döyüşün tələblərinə və inkişaf etmiş dövlətlərin standartlarına uyğun hazırlanması, habelə NATO-nun zəruri “əməliyyat qabiliyyətləri”nə nail olması baxımından çox əhəmiyyətli bir mexanizmdir. Bu proqramla əldə edilmiş təcrübə və bilik bölmələrimizin beynəlxalq əməliyyatlarda və təlimlərdə peşəkar səviyyədə iştirakını təmin edərək, təmsilçilik imkanlarının və nüfuzunun artırılmasına imkan yaradır. Azərbaycan Ordusunun Sülhməramlı Qüvvələr Taboru, Kəşfiyyat Bölüyü, “Mİ-17” Helikopter Cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə-Axtarış Qrupu NATO-nun ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan edilən bölmələrdir”.

Beləliklə, bu qənaətə gəlmək olar ki, Azərbaycan Silahlı Qüvvələri NATO-nun təcrübəsindən yararlanmaqla yanaşı, bu təşkilatın sülhməramlı missiyasında beynəlxalq sülhə də öz töhfəsini verir. Digər tərəfdən, artıq Azərbaycan Ordusunun II Qarabağ müharibəsi kimi bir təcrübəsi var. Belə ki, 44 gün çəkən və 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsi ilə Ordumuz adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Bütün bu faktlar göstərir ki, Azərbaycan bundan sonra da həm NATO, həm də ayrı-ayrı dövlətlərlə hərbi əməkdaşlıq çərçivəsində uğurla fəaliyyət göstərəcək.

Report Informasiya Agentliyi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevə hökm oxunub.

“Report”un əldə etdiyi məlumata görə, o, dövlət büdcəsindən peşə məktəbinə ayrılmış vəsaitin, həmçinin liseydə işləyən müəllimlərin adına əlavə dərs saatları yazaraq pulunu mənimsəməkdə ittiham olunub.

Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesin yekununda Tanrıverdi Tanrıverdiyev 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 il müddətinə həbs cəzasına məhkum edilib.

Məlumata görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub.

O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69.418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Həmin hərəkətləri Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub.

T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavinin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib.

Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.

Nəcməddin Quluzadə (Report)

Tovuz Peşə Liseyinin keçmiş direktoruna hökm oxunub


11:23 11.04.2022  CƏMİYYƏT 193

Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunun Talıstan kəndində “COVİD-19, miqrasiya və media” mövzusunda tədbir keçirilib.

“Şərq qəzeti” xəbər verir ki, tədbirdə AMEA Coğrafiya İnstitutunun əməkdaşları, İsmayıllı şəhəri və onun 10-dan artıq kəndindən olan sakinlər, kənd icra və bələdiyyə nümayəndələri iştirak edib. 

“2000-ci illərdə İsmayıllıda 30-a yaxın kəndin əhalisi azalıb”

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimovun giriş sözü ilə başladı və Bakıdan gəlmiş alim və tədqiqatçı heyətini təqdim etdi. Rövşən Kərimov bildirdi ki, AMEA Coğrafiya İnstitutu ölkədə Avropa Komissiyasnın “Horizon-2020” Proqramı çərçivəsində ilk dəfə olaraq tədqiqat və innovasiya tipli layihənin həmqalibi olmuş təşkilatdır. “Biz insanların əlverişsiz və dağıdıcı təbii proseslər səbəbindən miqrasiyasının tədqiqinə dair layihə təklifi hazırlamışıq. Layihə Avropa Komissiyası tərəfindən maliyyələşməyə layiq görülüb. 2009-cu ildəki əhalinin siyahıyaalınması nəticəsində məlum olub ki, İsmayıllının 30-a yaxın kəndindən şəhərlərə miqrasiya olub. Bəzi kəndlər var ki, əhalisi barmaqla sayıla biləcək qədərdir. Rayonda hətta bir neçə ailənin yaşadığı dağ kəndləri var. İnsanların miqrasiya etməsinin əsas səbəblərindən biri iqlim dəyişmələri və əlaqədar təbii proseslərdir. Yağıntıların illik rejimi dəyişir, quraqlıq dövrü uzanır, su qıtlığı baş verir, sel, sürüşmə kimi təbii fəlakətlərin baş vermə riski artır, meşələr quruyur, torpaqlar deqradasiyaya məruz qalır və s. Bir-biri ilə bağlı olan bu əlverşisiz proseslər insanların yaşayışına, məişətinə mənfi təsir göstərir. Son illərdə bütün dünyada iqlim dəyişikliyi ilə bağlı əhalinin miqrasiya etməsi çox aktual bir məsələdir. Bu gün ölkəmizin əksər rayonlarında su qıtlığı müşahidə olunur, bunun səbəblərindən biri məhz iqlim dəyişikliyidir. Son dövrlər yağıntının azalması aydın hiss edilməkdədir. Çaylarda su qıtlığı müşahidə olunur. Bu səbəblərdən kənd təsərrüfatı ilə məşğul olan insanlar istədikləri kimi gəlir götürə bilmirlər. 

Əhalinin kəndlərdən miqrasiya etməsinin səbəbi nədir?

İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahin Hüseynov qeyd etdi ki, rayondakı kəndlər əsasən dağlıq ərazilərdə yerləşir. Son dövrlər dağ kəndlərindən əhalinin köçü sürətlənib: “Bu kəndlərdəki miqrasiya problemi uzun illərdən bəri davam edir. Bir müddət əvvəl yerli televiziyalardan biri məsələni aydınlaşdırmaq üçün rayonumuzun dağ kəndlərində oldu. Kəndlərimizin boşalması ikinci dünya müharibəsindən sonra başlayıb. Əhalinin köç etməsinin səbəbləri daha yaxşı, daha rahat yaşamaq istəyi ilə bağlıdır”. 

AMEA-nın Coğrafiya institutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov söylədi ki, insan miqrasiyası çoxaldıqca həm kəndlərdə, həm də şəhərlərdə ciddi problemlər yaranır: “Bu gün biz bu problemin mövcud olduğunu qəbul etməli və həlli yollarını axtarmalıyıq. Aparılan müzakirələrdə miqrasiyaya səbəb olan problemlər dilə gətirilməli və həll edilməsi üçün konkret işlər görülməlidir. Bizim məqsədimiz miqrasiyaya səbəb olan ekoloji problemləri araşdırılmaqdır, lakin buna səbəb olan digər problemləri də müəyyən etməliyik”. 

Rövşən Kərimov İsmayıllının kəndlərində torpaq sürüşməsinin aktiv olduğunu bildirdi. O bir çox kəndlərdə aran rayonlarından mövsümi olaraq tərəkəmə icmalarının öz qoyun sürüləri ilə rayon ərazisinə gəlməsi ilə əlaqədar mövcud otlaqların heyvanların təbii yemə olan tələbatını ödəmədiyini, digər tərəfdən də sürüşməni yaradan əsas səbəblərdən birinin məhz dağ yamaclarındakı otlaqlarda heyvanların intensiv otarılması olduğunu vurğuladı. 

“Kür çayında suyun quruması təkcə çay ətrafında deyil, digər bölgələrdə də su probleminə səbəb olacaq”

Xəzər universitetinin “Coğrafiya və ətraf mühit” departamentinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov söylədi ki, qlobal miqyasda iqlim dəyişikliyi baş verdiyi üçün regionda su problemi daha da artacaq: “Ölkədə istifadə olunan su kənarda yerləşən su mənbələrindən təmin olunur. Kür çayının suyunun quruması təkcə bu çayın hövzəsinin yerləşdiyi rayonlarda deyil, eyni zamanda digər rayonlarda da su probleminə səbəb olacaq. Ətraf ərazilərdə yaşayan insanların həyatı Kür çayı ilə bağlıdır. Xatırlayırsınızsa, bir neçə il öncə Kür çayında daşqınlar müşahidə edilirdi, amma indi tam əksi müşahidə olunur. Su çatışmazlığından əziyyət çəkən kənd icmaları öz yerlərindən köçməyə məcbur olur. Ümumiyyətlə, ekoloji miqrasiya təbii fəlakət nəticəsində köçmə və tədricən köçmə olmaqla iki yerə bölünür. Tədricən köçməyə ənənəvi gəlir yerlərinin yoxa çıxması səbəb olur. Əsasən, dağlıq ərazilərdə eroziya prosesi çox sürətlə gedir. Vaxtilə Azərbaycanın ən böyük yay otlağı bölgəsi olmuş Qarabağ ərazisinin 30 il işğalı altında qalması müxtəlif bölgələrimizdə qoyun sürülərinin digər dağlıq və dağətəyi rayonlara köç etməsinə səbəb oldu, bu isə eroziyanı daha da sürətləndirdi. Otarılma ilə yanaşı yaşıllıqların azalmasının digər səbəbi son dövrlər Azərbaycanda yağıntıların miqdarının xeyli azalması olub. Bu gün 1 milyona yaxın insan təmiz su çatımazlığından əziyyət çəkir. Bütün bunlar əhalinin öz yaşayış yerlərindən köçməsinə səbəb olur. Bakının Masazır və digər qəsəbələrində rayonlardan köçən ailələrə rast gəlmək olar”. 

“Burdan köçən insanların əksəriyyəti Bakıda 15-20 manata fəhlə işləyir”

İsmayıllı rayonunun Burovdal kənd sakini Ağamir Ağayev rayonun bəzi kəndlərin inkişafına mane olan səbəblərdən biri kimi Girdiman çayının üzərində körpünün olmamasını qeyd etdi: “Bir neçə ildir, körpünün layihəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənsə də, körpü hələ də tikilməyib. Körpünün olmaması bu çayın ətrafında yaşayan əhalinin rayon mərkəzi və digər bölgələrlə əlaqəsini kəsir, kəndə gediş-gəlişi çətinləşdirir. Bu səbəbdən çayın hövzəsində məskunlaşan kənd əhalisi köçməyə məcbur olur. Hazırda rayonun bir çox kəndlərindən Bakı şəhərinə köçən əhali bələdiyyələrə körpü salınmasından sonra öz ata ocaqlarına köçəcəklərini deyirlər. Burdan köçən insanların əksəriyyəti Bakıda günlük 15-20 manata fəhlə işləyir. Lakin, onlar qayıdıb öz kəndlərində əkinçiliklə məşğul olsa, daha çox qazanar. Bu gün İsmayıllı rayonun Burovdal kəndi ən çox köç müşahidə olunan kəndlərdən biridir”. 

İsmayıllıda yaşayan Axısqa türklərinin Türkiyəyə köçməsinin səbəbi nədir?

İsmayılı şəhər icra nümayəndəsi Əlişir Süleymanov söylədi ki, İsmayıllı rayonun Tubikənd yaşayış məntəqəsindən ermənilər köçüb getdikdən sonra kənddə Axıska türklərinin sayı çoxalmağa başladı. Eyni zamanda, Qoşakənddə 38 ailədən ibarət Axısqa türkləri məskunlaşıb: “Rayonda işlə təmin oluna bilmədikləri üçün burada məskunlaşan Axısqa türkləri Türkiyəyə köçür. Son vaxtlar kəndə asfalt, qaz çəkildi və investorlar cəlb olundu. İnvestorların dəvət olunması ilə işsizlik problemini qismən həll edə bildik. Lakin, bu maldarlığın inkişafına bəzi əngəllər törətdi. Təəssüf ki, bizim camaat avropalaşma ilə sovet dönəmi arasında qalıb. Biz sovet təfəkkürünü beynimizdən atmasaq, inkişaf edə bilməyəcəyik. Bu gün biz əhalini kəndə geri qaytarsaq, onlar kənddə nə edəcəklər? Necə dolanacaqlar? Biz əgər bu kəndlərə investorlar cəlb etsək, həm dövlətə dah çox vergi veriləcək, həm də əhali işlə təmin olunacaq. Bu gün burdan köçən gənclərə istədikləri qədər pul da təklif etsək, onları saxlaya bilmərik, çünki o pulu xərcləməyə yer yoxdur. İsmayıllı rayonun Keyvəndi kəndindən 27 ailə Türkiyəyə köçdü. Bu insanların köçməsinin əsas səbəbi kənddə suyun olmamasıdır. Türkiyədə kənd təsərrüfatını inkişaf etdirmək üçün Azərbaycan və Ukraynadan Axısqa türklərini aparıb həmin ölkədə ev və işlə təmin edirlər. Əgər Türkiyə kimi dövlət şəhərdəki əhalini kəndə gətirə bilmirsə, biz də edə bilmərik”. 

İsmayıllı rayonun icra və bələdiyyə nümayəndələri media nümayəndəsi olduğumu biləndən sonra suallarıma ehtiyatla cavab verməyə başladılar. Onlar mediadan narazı olduqlarını, reket “jurnalistlərin” vaxtilə müəyyən problemləri işıqlandırdıqdan sonra onlardan pul tələb etdiklərini bildirdilər. Onlara media nümayəndlərini qəbul edib problemlərini danışmağı tövsiyə etdik. Reket “jurnalistlər” ilə qarşılaşdıqda isə polisə müraciət etməli olduqlarını bildirdik. 

Mənbədən oxu (Yazı şərq qəzetində dərc olunub)

Nəcməddin Quluzadə

Tanınmış radio və televiziya aparıcısı, 2 kitab müəllifi Cavid Osmanovun özünəməxsus yazı üslubu, hadisələrin çılpaqlığı ilə əks etdirməsi ona fərqli amplua qazandırıb. 

– Sizin 18+ mövzusunda olan ” Mediamən” kitabını oxudum. Əsərdə kifayət qədər söyüş və vulqar ifadədən istifadə olunub. Belə bir mövzuda kitab yazmağa sizi nə vadar etdi? Azərbaycan şəraitində kifayət qədər cəsarət tələb edən bir addımdır. 

– İlk əsərim “Mücahidin yolu” kitabına olan reaksiya səbəbindən bu mövzuya müraciət etməli oldum. Kitab Suriyada gedən müharibəyə həsr olunub, ağır əsərdir. Bir neçə səhifəsində çox açıq-saçıq səhnə ifadə edilib. Məqsəd də müharibədə ən ülvi hisslərin belə heyvani instinktə çevrilməsini əks etdirmək idi. Müharibə ən möhtəşəm insani hissləri öldürə bilər. İnandırım sizi, mən həmin yeri bir cümlə ilə, yəni “sekslə məşğul olublar” ilə əvəzləsəydim, heç nə dəyişməyəcəkdi. O hissədə sadəcə müharibənin necə insani hissləri öldürdüyünü göstərmək istədim. 

Kitab bir xeyli müddətdir çap olunub, hələ də mənə yaxınlaşıb, “orda belə bir yer var idi, doğrudan da elə olub” deyənlər var. Ay qardaş, kitabda 200-dən çox səhifə var, “nujenni” sənin yadında ancaq o hissə qalıb? Belə bir situasiyalarla qarşılaşdıqca, bazarı araşdırmağa başladım. Hamının məhz buna marağı olduğu aşkarlandı, amma kimi dindirsən, deyir pornoya yalnız rəfiqəmin telefonunda baxmışam. Təbii ki, bu mənə çox pis təsir etdi. Bu kitabı yazanda çox əziyyət çəkmişdim. O boyda işin qarşılığında oxucunun tək o hissə ilə maraqlanmasından sonra anladım ki, Azərbaycanda böyük bir seksual aclıq var. Bu gün Azərbaycanda xanımlar kişi anatomiyasını, kişilər də xanım anatomiyasını bilmir. Bütün bunları nəzərə alaraq məhz elə ikinci kitabım “Mediamən”i bütünlüklə bu mövzuya həsr etdim. Onun uğursuz olmaq kimi şansının olmadığını anladım. Yalnız bir amili nəzərə almamışdım: insanların kitabı almaqdan utanacağını. Eyni ilə aptekdən prezervativ almaqdan çəkindikləri kimi. 

– Bu əsərinizə görə ciddi qınaq obyektinə çevrilmisinizmi? Kitabı oxuyub sizi qınayan nə qədər oxucunun olduğunu təxmin edirsinizmi?

– Düzü, mənim reputasiyam elə də yaxşı deyil. Bir çoxu məni “dəliqanlı kimi birisidir”, yəni, “ondan hər şey gözləmək olar” kimi qəbul edir. Bu kitabın təqdimatına belə hamam xalatında getmişdim. Bunu etməkdə məqsədim özümü “Playboy” jurnalının yaradıcısı Hyu Hefnerə bənzətmək idi. Qızlar kiməsə bənzəməyə çalışır, oğlanlar Polat Ələmdara bənzədirlər özlərini. Uzun sözün qısası, biz o insanlara sadəcə parodiyayıq. Mən orada özümü Hyu Hefnerə bənzətməyə çalışdım və tədbirə yığışanlara bunu izah etdim. Maarifsizlik, ədəbsizlik çox biabırçı formadadır. Təsəvvür edin, aktyor bir obraz yaradır və ömrünün axırına kimi o rolun damğası vurulur. 

“Cavid Osmanov öz kitab təqdimatına hamam xalatında gəldi” kimi xəbərlər o zaman çox gedib. Amma “niyə, səbəbi nə idi” soruşan olmayıb. Ona görə də mən o kitabın oxunmamışdan əvvəl tənqidini eşitmişdim. Amma narahat deyildim, əminəm ki, bir çox insan o sözləri üzümə deyə bilməyəcək, çünki mən üzünə deyə bilmədiyim sözü kiminsə arxasınca danışmıram. Ona görə də onların fikri mənə vacib deyil. Kitabı oxumayıb məni qınayanları qeyri-ciddi qəbul edirəm.

– Anar obrazını Azərbaycanda lüks həyat tərzi sürən məmur övladlarına aid etmək olar?

– Bəli, kitabda da qeyd olunub. Bu adam bir imkanlı məmurun oğludur. Açıq-aydın və gizlədilməyən bir məqamdır. 

– Mirzə obrazı Cavid Osmanovun prototipidir, yoxsa təxəyyülünüzün məhsulu?

– “Mediamən” avtobioqrafik kitab deyil. Yəni, özümdən yazmamışam. Amma Mirzənin kafedə danışdırdığı bir adam var, həmin obrazda mən bilavasitə öz-özümlə müsahibə etmişəm, özümü canlandırmışam. Düzdür, Mirzənin başına gələn bəzi hadisələr mənim də başıma gəlib, amma Mirzə mən deyiləm. Oradakı hadisələr hamısı real hadisələrdi. Kitabda yazılanlar nə vaxtsa olub, ya mənim tanışlarımla, ya tanışlarımın tanışları ilə və sair.

– “Mediamən” jurnalistikaya həsr olunub, yoxsa intim münasibətlərə?

– “Mediamən” bilavasitə jurnalistikaya və heç bir zaman toxunulmayan soyuq müharibəyə, yəni azərbaycandilli və rusdillilər arasındakı müharibəyə həsr olunub. Mən orta məktəbdə oxuduğum 1993-94 illərdə bu prosesi özümdə müşahidə etmişəm. Bakıya regionlardan güclü axın vardı. Onlar o dövrdə bizim üzümüzə rus sektorunun qızlarının fahişə, oğlanlarının isə “petux” olduğunu deyirdilər. İndi də o düşüncə var, amma dəqiq bilirik ki, heç də elə deyil. Rusdilli cəmiyyətdə siqaret çəkən qadın, sadəcə siqaret çəkən qadındır. Fahişə deyil. Siqaret çəkmək pisdir, amma normaldır. 

“Mediamən” seksual azğınlığın və aclığın haqqındadır. TV və radio bizdən soruşmadan evimizə ayaq açır. Kitabı isə mütləq özün seçməli, pul ödəyib almalı, sonra isə zövqlə oxumalısan. Kitab oxumağı hər kəsə məsləhət bilirəm.   

Yazı Anews.az xəbər portalında dərc olunub (Mənbədən oxu)

Nəcməddin Quluzadə

07.02.2022 | 11:43 Oxunma sayı: 2653

Ən təhlükəli İtalyan mafiyaları haqqında bilinməyən faktlar

İtaliyada Siciliya bandaları model yaratdılar və sonradan bu modeli bütün dünyadakı mafiya qruplaşmaları qəbul etdi. Onlar 1800-cü illərdə Siciliyada güclü qüvvəyə çevrildi, nəticədə onların qüdrəti və inkişafı davamlı olaraq artdı. Ötən əsrin əvvəllərinə kimi yerli hökümət onların işinə qarışmırdı. Lakin 2-ci dünya müharibəsindən sonra İtaliya və Latın Amerikası dövlətləri Sicilya mafiya qruplaşmalarına qarşı hərəkətə keçdi. Kütləvi həbslər, açılan cinayət işləri bu mafiya qruplaşmaları haqqında dəhşətli və maraqlı faktlar üzə çıxardı.

“Kriminalqafqaz” ən təhlükəli İtalyan mafiyaları haqqında inanılmaz faktları təqdim edir.

İtalyan mafiyası yerli cinayətkar qruplara və zalım zəngin dairələrə qarşı “ədalət” axtarışı adı ilə üzə çıxdı  və bütün dünyaya yayıldı. Nyu York və Paris kimi böyük şəhərlərdə nüfuz qazandı. Bu mafiyalar mütəşəkkil cinayətkar qruplardan ibarətdir və onların hamısının ortaq bir “ailəsi” və ya “klanı” var idi. Qruplaşmanın üzvləri özlərini “şərəfli kişi” və yaxud da “şərəfli qadın” adlandırırdılar. Ötən əsrdə aparılan cinayətkar qruplara qarşı axtarış nəticəsində bu mafiyanın şantaj yolu ilə 20 milyard dollar pul əldə etdiyi üzə çıxdı. Bu mafiyalar onlara rəqib olan digər qruplaşmalara qarşı çox mərhəmətsiz davranırdılar.

İtalyan və Latın Amerikası ölkələri qruplaşmaya qarşı çıxışlar edib hökümətdən onların zərərsizləşdirilməsini tələb edən Falcone Paolo və Borsellinonun öldürülməsindən sonra mübarizə aparmağa başladı. Bu mafiyalar fəaliyyət göstərdikləri əraziyə görə özlərinə müxtəlif adalar verirdilər. Siciliyada Cosa Nostra, Neapolda Camorra, Kalabriyada Ndrangheta və Pugliada Sacra Corona Unita adlı mütəşəkkil cinayətkar qruplaşmalar var. Mafiyaya üzv olmaq xüsusi mərasimlə qeyd olunur. Qruplaşmaya üzv olmaq istəyənlər qruplaşma liderinin şəkilini öz qanı ilə möhürləməli, sədaqət və şərəf andı içməlidir.

İtalyan mafiyaları zaman keçdikcə daha mürəkkəb cinayətlərə diqqət yetirməyə başladı. Qətl və ya vəhşilik əvəzinə, onlar rəqiblərini gözdən salacaq və onları biznes strategiyalarına mənfi təsir göstərən bütün yanlış qərarlara aparacaq təsirli iqtisadi strategiyalar hazırladılar. Bu strategiya nəticəsində qan tökmədən rəqibini özlərinə təbe edir və rəqib qruplaşmanı gizlincə idarə edirdilər. Onlar Qruplaşmanın təhlükəsizliyi üçün öz aralarında elektron və internet yazışmalarından istifadə etmir əvəzində isə yazı makinası ilə yazıb xüsusi adamlar vasitəsi ilə bir-birlərinə çatdırırdılar. Dünyanın ən məhşur mafiya liderlərin üzə çıxdığı Sicilyanın Korleone adlı bir qəsəbənin adının dəyişdirilməsi ilə bağlı bir neçə dəfə qərar qəbu olunsa da, icra olunmayıb.

Mafiyanın qurbanı ən çox kiçik biznes sahiblərdir. Siciliyanın paytaxtı Palermoda da kiçik biznes sahiblərinin təxminən 80 faizi bu qruplaşmaya rüsum və ya “qondarma” müdafiə pulu ödəməli olub. Rüsumu ödəməyən biznes sahibi ölümlə təhdid olunur, bəzən isə müəmmalı olaraq yoxa çıxırdı. Bu qruplaşmalar yalnız təmiz Sicilya qanı daşıyan şəxslərin qruplaşmaya qoşulmağına icazə verirdilər, lakin zamanla qarışıq qan daşıyan italyanlar da bu qruplaşmaya üzv olmağa başladı. Ötən əsərdə mafiyanın təsir dairəsi ABŞ-a qədər yayıldı. Qruplaşmanın Al Capone kimi liderlərinin adı ABŞ-da silsilə qətllərdə hallanırdı.

İtalyan mafiyası yerli hökümətin qanunlarını heçə sayaraq heç bir güc strukturuna tabe olmurdu. Onların öz qanunları, öz güc strukturları və özlərinə xas cəza üsulları var idi.

Yazı “Qafqazinfo” xəbər portalında dərc olunub (Mənbədən oxu)

Nəcməddin Quluzadə

“Azərbaycanla Rusiyanın uzlaşan maraqlarını inkişaf etdirmək üçün müxtəlif sənədlər imzalanmalıdır”

“Bir dövlətlə müqavilə imzalaması onun başqa dövlətlə münasibətinə təsir edə bilməz”
 
“Azərbaycan Rusiyadan heç vaxt uzaqlaşmayıb”

Fevralın 21 də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edib. Səfər çərçivəsində iki ölkə arasında müttəfiqlik haqqında saziş imzalancağı ilə bağlı qeyri-rəsmi məlumatlar yayılıb.

“Rupor”  bu mövzu ilə bağlı Ortadoğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltandan  müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:  

– Azərbaycan Prezidenti İlham Əliyevin hazırda davam edən Moskva səfəri realaşan gün  Rusiyanın Donetski  və Luqansk “Xalq respublikaları”nı tanıması barədə qərar verdiyini əsas gətirən bəzi sosial şəbəkə istifadəçiləri iddialar irəli sürürlər. Bu barədə Siz nə düşünürsünüz? 

– Prezidentin Moskvaya səfər edəcəyi xəbəri Putinin dünən imzaladığı fərmandan bir neçə gün əvvəl yayılıb. Bu fərmanın Prezidentin Rusiyaya səfəri ilə əlaqəsi yoxdur.

– Səfər çərçivəsində Azərbaycan və Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanacağı ilə bağlı məlumatlar yayılıb. Bu saziş Azərbaycana hansı üstünlükləri qazandıra bilər, yaxud əksinə, rəsmi Bakının hansı poroblemlərlə üz-üzə qalma təhlükəsi var 

– İmzalanan sazişin mətni məlum olmadığı üçün, burada Azərbaycan maraqlarının necə təmin ediləcəyi barədə fikir söyləmək düzgün deyil. Mətn dərc olunandan sonra bu barədə danışmaq olar. 

– Belə iddia olunur ki, mütəffiqlik haqqında bəyannamə imzalanacağı təqdirdə Şuşa Bəyannaməsinin əhəmiyyəti azalacaq və Azərbaycanın Türkiyə ilə münasibətlərinə xələl gələcək.  

– Əvvala, Rusiya ilə müttəfiqlik haqqında saziş barədə dolğun və rəsmi məlumat yoxdur. İkincisi, Azərbaycanın hər hansı dövlətlə müqavilə bağlaması onun digər dövlətlərlə münasibətinə təsir edə bilməz. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərinin tarixini və bu gününü əks etdirir, Rusiya ilə imzalanacaq sazişin mətni isə hələ bəlli deyil. Azərbaycan İsraillə də hər hansı bir müqavilə imzalasa, bu Şuşa Bəyannaməsinə təsir edə bilməz, çünki bu müqavilə İsraillə Azərbaycan münasibətlərini əks etdirir. Rusiya ilə imzalanan, yaxud da imzalanacaq hər hansı bir saziş Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığını gücləndirməyə və öz təhlükəsizliyini təmin etməyə yönəlib. 

– Bu müttəfiqlik sazişinin imzalanması indiki məqamda nə qədər vacibdir? 

– Regionda və Azərbaycanda yaranmış vəziyyət belə bir müqavilənin imzalanmasını şərtləndirir. Azərbaycan oxşar sənədi ABŞ-la da imzalaya bilər. 

– Rusiyanın beynəlxalq hüququ pozaraq “Donetski Xalq Respubilkası” və “Luqansk Xalq Respubilkası”nın müstəqilliyini tanıması fonunda bu sənədin imzalanması Azərbaycanın beynəlxalq nüfuzuna necə təsir edə bilər?  

– Azərbaycan Rusiya ilə əvvəl də müqavilələr imzalayıb. Azərbaycan hakimiyyəti dəfələrlə açıqlayıb ki, Rusiya Azərbaycanın strateji müttəfiqidir. Bu müttəfiqliyin əsasında hər hansı bir sənəd imzalanmalıdır. Hələ 1992 və sonrakı illərdə də Azərbaycan və Rusiya arasında əməkdaşlıq sazişləri imzalanıb. Rusiya Azərbaycana düşmən dövlət deyil. Hər iki dövlətin toqquşan və uzlaşan maraqları var. Bu uzlaşan maraqları inkişaf etdirmək üçün müxtəlif sənədlər imzalanmalıdır. Müqavilənin imzalanması Azərbaycanın Rusiyanın beynəlxalq hüququ pozmasını dəstəkləmək anlamına gələ bilməz. İki ölkə arasında yaxın münasibətlər var, bu müqavilələr də münasibətlərin inkişaf etdirilməsinə yönəlib. Azərbaycan Rusiyadan vaxt uzaqlaşmayıb. 10 noyabr 2020-ci ildə də Azərbaycan Rusiya ilə müqavilə bağlayıb. 9 maddəlik bəyanatda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilməsi nəzərdə tutulub. 

– Sədrəddin bəy, cəmiyyətdə anti-Rusiya əhvalının formalaşdığı açıq şəkildə hiss olunur, şimla qonşumuzla bağlı hər hansı informasiyaya çevik reaksiya bu səbəbdən ola bilər. 

-Bütün cəmiyyətlərdə istənilən dövlətə qarşı həm antipatiya, həm də simpatiya ola bilər. Bu gün Azərbaycanda Hitleri sevənlər və ona nifrət edənlər var. Dinimizin qadağalarına baxmayaraq, Azərbaycanda satanist ideologiyasına rəğbəti olan insanlar var. Cəmiyyətdə bütün ideologiyalara həm sevgi, həm də nifrət ola bilər. Dövlətlər arasında münasibətlər cəmiyyətin maraqlarını əks etdirir, amma bu münasibətlər beynəlxalq hüquq normaları əsasında müəyyənləşir. Azərbaycanla Rusiya arasında hər hansı bir müqavilə imzalanacaqsa, bu parlamentdə ratfikasiya olunacaq. Prezident və parlament xalq tərəfindən seçilir və xalqın maraqlarına xidmət edir.

Yazı Rupor.az xəbər portalında dərc olunub (Mənbədən oxu)

Nəcməddin Quluzadə

17.01.2022 | 09:50 Oxunma sayı: 3056

“Toydan sonra bildim ki, Rəşadın pis vərdişləri var”

Bakı Ağır Cinayətlər Məhkəməsində Mərdəkanda kürəkənini qətlə yetirməkdə şübhəli bilinən Respublika Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər rayon təhsil şöbəsinin məsləhətçisi Azər Cəfərova hökm oxunub.

“Kriminalqafqaz” məhkəmə materillarına istinadən xəbər verir ki, hadisə 2020-ci ildə baş verib. 1985-ci il təvəllüdlü Rəşad Məmmədov qaynatası tərəfindən ov silahı ilə öldürülüb.

Azər Cəfərov məhkəmədə özünü təqsirli bildiyini deyib: “12 ildir qızım Rəşadla evli idi. Toydan sonra bildim ki, Rəşadın pis vərdişləri var. Narkotik və spirtli içki aludəçisi idi. Qızıma qarşı kobud davranırdı, müalicə olunması üçün çox səy göstərdim, lakin nəticəsi olmadı. Hətta qızım boşanmaq istəsə də, ağsaqqalların tövsiyyəsi ilə barışıblar”.

Rəşad Məmmədovun anası məhkəmədə deyib ki, qudası Azər Rəşadın ailə işlərinə heç vaxt qarışmayıb: “Rəşadla Nigarın arasında soyuqluq olanda ərimlə Azər övladlarımızı barışdırıb məsələləri yoluna qoysalar da, Azərin arvadı imkan vermirdi ki, Rəşadla gəlinim rahat yaşasınlar. Hamı bilirdi ki, Azərin arvadı Rəşadgilin ailə işlərinə daim müdaxilə edərdi. O, Rəşaddan şəhərin mərkəzində ailəsi üçün yeni mənzil almasını təkid edir, əks halda qızından boşanmağı tələb edirdi. Sonuncu dəfə gəlinim küsüb valideynlərinin evinə getdikdən sonra onun anası Rəşadın uşaqları ilə görüşməsinə əngəl yaradırdı. Rəşad da bundan bərk əsəbləşərək qaynatası Azərgilin bağına gedib ki, onun uşaqları ilə görüşməsinə olan maneələri aradan qaldırsın. Lakin Azər məsələləri yoluna qoymaq əvəzinə heç bir səbəb olmadan evində olan tüfənglə oğlumu qətlə yetirib”.

Mərhumun həyat yoldaşı məhkəmədə ifadəsində bildirib ki, ailə qurduqdan 2 ay sonra Rəşadın kokain və nəşə istifadə etdiyini öyrənib: “Narkotik maddələrdən istifadə etdikdə Rəşad özündə olmur, nalayiq söyüşlər söyərək məni döyürdü. İki dəfə Rəşad hamamda narkotik istifadə etdiyinə görə halsız vəziyyətdə qalıb. Həmin vaxt qapını açıb Rəşadı çıxararaq, qaynanama zəng edib köməyə çağırmışam. Dəfələrlə Rəşad özündə olmayanda üzərimə bıçaq çəkib. Bu şeylərə görə aramızdakı münasibətlər soyumağa başladı”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yazı “Qafqazinfo” xəbər portalında dərc olunub (mənbədən oxu)

Nəcməddin Quluzadə

Azərbaycanın beynəlxalq siyasəti dünya birliyi tərəfindən daim hörmət və rəğbətlə qarşılanıb. Düzgün İnteqrasiya istiqamətlərinin seçilməsi, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın səmimi münasibətlər üzərində qurulması, dostluq və sülh şəraitində yaşamağa üstünlük verilməsi rəsmi Bakının qoruyaraq inkişaf etdirdiyi əsas strateji hədəflərdən olub.
44 günlük Vətən mühribəsində ərazilərini Ermənistanın 28 illik işğalından azad edən Azərbaycanın müharibədən sonra məğlub tərəfə sülh əlini uzatması da ölkəmizin xüsusən regional imicini daha da yüksəldib. 

“Rupor” bu mövzuda beynəlxalq məsələlər üzrə mütəxəssislərin münasibətini öyrənib. 

“Azərbaycan Avropa ittifaqının təhlükəsizliyində strateji dəyər daşıyır” 

Sosial Tədqiqatlar Mərkəzi Mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli bildirib ki, Azərbaycan xalqı Vətən müharibəsindən sonra qalib xalq kimi sanki yenidən doğuldu. Bu müharibə Qafqazda 30 il ərzində formalaşan siyasi münasibətlər sistemini dağıtdı və təbii ki, güclü Azərbaycan inşa etdi:

“İranla toqquşmalarda Azərbaycanın ortaya qoyduğu qətiyyətli mövqe, Rusiya, Avropa və ABŞ ilə siyasi münasibətlər, Böyük Britaniyanın strateji və iqtisadi əməkdaşlığı 2-ci Qarabağ müharibəsindən sonra yeni mərhələyə qədəm qoydu”.

Son dövrlər dünyanın təhlükəsizlik probleminin aktuallaşdığına diqqət çəkən politoloq vurğulayıb ki, Azərbaycan yeni dünya düzəni üçün bir çox mənalarda önəmli yerə malikdir:

 “Azərbaycan neft-qaz ölkəsidir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Qlobal ölçüdə Avropa güc mərkəzidir və Azərbaycan Avropa İttifaqının təhlükəsizliyi baxımından strategi dəyər daşıyır. Çin prizmasından baxanda Azərbaycanın Londondan qurduğu “Bir kəmər, bir yol” layihəsi dünyanın ən meqa layihəsidir və Zəngəzur dəhlizinin reallaşacağı gün ölkəmiz Londonla Pekin arasında körpü rolunu oynayacaq. Rusiya nöqteyi-nəzərindən baxanda Azərbaycan şimal qonşumuzun Şərqə gedən yolu üzərində mühüm diyardır. İran prizmasından baxanda isə ölkəmiz Avropaya, Şimala doğru bir pəncərə rolunu oynayır, Avropa ilə Asiyanı birləşdirir”.

Azərbaycanın orta Asiya və Xəzər ölkələri üçün model olduğunu deyən politoloq Böyük Britanya və ABŞ-la birlikdə həyata keçirilən neft və təhlükəsizlik sektoruna aid layihələri də nümunə göstərməyin mümkünlüyünü söyləyib. 

Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvü, eyni zamanda sədri   olduğunu xatırladan mütəxəssis ölkəmizin beynəlxalq dünyada sülhün, əməkdaşlığın, investisya mühitinin formalaşmasında, pandemiya kimi beynəlxalq problemlərin aradan qaldırılmasında əsas rola malik olduğunu vurğulayıb. 

Bütün bunlara baxmayaraq, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbindən söz açan Əziz Əlibəyli onların məhz ermənipərəstlikdən belə qərəzli davranış sərgilədiklərini diqqətə çatdırıb:

“Bu təşkilatlarda 100 illər boyu formalaşan erməni lobbisinin maliyyəsi əsasında fəaliyyət göstərən beyin mərkəzlərinin, xidmətçilərin mövcudluğu vəziyyəti bu həddə gətirib çıxarır. Ümumiyyətlə, Avropa qurumlarında, insan haqları təşkilatlarında, beynəlxalq mediada, hətta BMT-nin müəyyən təşkilatlarında anti-Azərbaycan mövqeyinin güclənməsinin zaman-zaman şahidi olmuşuq. Bunun da əsas səbəbi erməni lobbisinin və ermənilərin maliyyələşdirdiyi şəxslərin bu kimi təşkilatlarda mühüm yer tutmasıdır”.

Politoloq Azərbaycan və Türkiyənin Şuşa bəyannaməsi əsasında birgə hərbi ittifaq yaratması məsələsinə toxunan politoloq bu gerçəyin ölkəmizin beynəlxalq müstəvidə böyük oyunçuya çevrilmək yolunda ciddi dividentlər əldə etməsinə şərait yaratdığını bildirib:

“Ölkə başçısının qeyd etdiyi kimi biz bu savaş nəticəsində təkcə Ermənistana qalib gəlmədik, eyni zamanda onun müttəfiqlərinə, dünya erməniçiliyinə, onların təşkilatlarına, həmçinin ölkəmizə qarşı qərəzli olan məkrli siyasıt yürüdən böyük güc mərkəzlərinə qalib gəldik. Prezidenti dünyada yeni beynəlxaql sistemin yaradıldığını, köhnə sistemin çökdüyünü vurğulayıb. ABŞ-ın müəyyən dərəcədə tənəzzülü, Rusiyanın qarşıdurma vəziyyətində olması, Çinin qarşısı alınmaz inkişafı və digər bariz amillər dünyada yeni sistemin yaranmasına səbəb oldu. Bu sistemdə Azərbaycan müharibədə qalib gəlmiş ölkə kimi yeni imtiyazlar əldə etdi. Artıq Azərbaycan regional oyunçudur, Qafqazda parlayan bir ulduzdur. Bu gün Ermənistan və Gürcüstanın qarşılaşdığı təhlükəsizlik problemi Azərbaycanı narahat etmir. Ölkəmizin NATO standartları əsasında formalaşdırılan ordusu, müdafiə sistemi, müstəqil enerji siyasəti var. Dünyanın Rusiya ilə toqquşduğu enerji böhranı fonunda Azərbaycan enerji təhlükəsizliyi rolunu oynayır. Azərbaycana olan bu etimadın səbəbi 2-ci Qarabağ müharibəsində əldə olunan qələbdən sonra Ermənistanın blokadadan çıxarılması, Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərinin açılması ilə də bağlıdır. Zəngəzur dəhlizi beynəlxalq məsələy çevrilib. Bu dəhliz Türkiyəni türk dünyası ilə birləşdirəcək, Rusiya ilə İran arasında şimal-cənub dəhlizi rolunu oynayacaq və Londandan Pekinə qədər qlobal yolun keçid məntəqəsi kimi mühüm əhəmiyyət kəsb edəcək”.

“Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüquqa hörmət qazandırır” 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan 44-günlük Vətən müharibəsi zamanı Fransa, İran kimi dövlətlərin, ABŞ, Rusiya və Almaniya kütləvi informasiya vasitələrinin Azərbaycanın haqq savaşını təhrif etmə yolunu tutduqlarını xatırladaraq, Azərbaycan torpaqlarının 30 il ərzində işğalda qalmasını da belə qərəzli münasibətin, beynəlxalq təşkilatların tutduğu məkrli mövqenin nəticəsi kimi dəyərləndirib:

“44 günlük müharibədən sonra ATƏT-in Minsk qrupu kimi təşkilatların hər hansı bir bəyanat verməsi gülünc görünür. Azərbaycanın haqq işində bizə əks mövqedə duran dövlətlərin və təşkilatların mövqeyi Azərbaycanın ərazi bötövlüyünə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Bunun digər səbəbi də Azərbaycan bölgədə zəif dövlət, Ermənistanın isə güclü dövlət kimi göstərilməsi və erməni lobbisinin fəaliyyətinin nəticəsi idi. İkinci Qarabağ müharibəsində ABŞ-ın Ermənistandakı səfirinin Qarabağda hansısa statusdan danışması erməni lobbisinin təsiri idi. 44 günlük müharibədə Ermənistanın özünü təsdiq edə bilməməsi bu təşkilatların və dövlətlərin planalarına zərbə vurdu. Bu gerçək Ermənistanın bir dövlət olmadığını, bəzi dövlətlərin və təşkilatların marağına xidmət etdiyini bir daha sübuta yetirdi Ermənistanın bu maraqlara xidmət etməsi ermənilərin xəyali iddiasının təmin olunması ilə bağlı idi. Bu eyni zamanda Ermənistanın Türk düşmənçiliyindən də irəli gəlir. Azərbaycan – Türkiyə, Azərbaycan – İsrail, Azərbaycan – Pakistan və digər dövlətlər arasındakı münasibətimiz Ermənistanın və ondan siyasi alət kimi istifadə edənlərin marağına uyğun gəlmir. Ancaq prosesin qarşısını almaq mümkün deyil. Azərbaycanla Ermənistan arasında olan münasibətinin normallaşması beynəlxalq arenada ölkəmizin gücünü göstərəcək”.

Sədrəddin Soltanın fikrincə, Azərbaycanın cənubi Qafqazın lider, aparıcı dövləti olduğu dünya tərəfindən təsdiqləndi. Regionda istənilən yeni layihələrin Azərbaycan vasitəsi ilə həyata keçirilməsi beynəlxalq arenada əsas şətlərdən biridir.  Araşdırmalar Mərkəzinin sədri deyib ki, Ermənistan – Azərbaycan münasibətinin normallaşması eyni zamanda o ölkədə normal bir dövlətin qurulmasına da səbəb olacaq:

“Bu normallaşma region dövlətləri arasında əməkdaşlığın daha faydalı olduğunu sübut edəcək. Azərbaycan və Türkiyənin irəli sürdüyü 3+3 layihəsi Azərbaycanın beynəlxalq arenada daha faydalı tərəfdaş olduğunu təsdiq edir. Ermənistan bütün qonşu dövlətlərə qarşı ərazi iddiası edir. Normallaşma Ermənistanı iddialardan çəkinməyə vadar edəcək. Azərbaycan bu normallaşma ilə beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasına hörmət qazandırır. 1992-ci ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə var idi ki, 44-günlük müharibəyə qədər icra olunmamışdı. Beynəlxalq hüququn prinsipləri Azərbycan torpaqlarının işğal olunması ilə pozulmuşdu. Azərbaycanın Ermənistanı məğlub edib kapitulyasiya sənədini imzalatması, sonra məğlub ölkə ilə əməkdaşlığı önə çəkməsi beynəlxalq aləmdə bütün istiqamətlərdə ölkəmizin üstün olduğunu nümayiş etdirdi. 44-günlük Vətən müharibəsi Azərbaycana təkcə siyasi sahədə deyil, eyni zamanda iqtisadi sahədə də üstünlük qazandırdı. Bu yaxınlarda Bakıda keçirilən Avropa dövlətlərinin təbii qazla təmin olunması ilə bağlı beynəlxalq tədbir buna sübutdur. Azərbaycanın 44-günlük müharibədən sonra irəli sürdüyü əməkdaşlıq təklifi keçmiş SSRİ-dən qalmış münaqişələrin həllinin tapılma yollarını dünya birliyinə göstərdi”. 

Yazı Rupor.az xəbər portalında dərc olunub (Mənbədən oxu)

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə müsabiqə şərtlərinə uyğun olaraq 6.3.6. istiqaməti üzrə (Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi) hazırlanıb.  
 

Nəcməddin Qulizadə 

Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, azad sahibkarlığın və investitsiya mühitinin yaxşılaşdırılması yolunda atılan addımlar iqtisadiyyatın dayanıqlılığını təmin etmək məqsədi daşıyır. 2022-ci il üçün BMT-nin Azərbaycan iqtisadiyyatının 4% böyüyəcəyini proqnozlaşdırması da qeyri-neft sektorunda dəyişikliklərə səbəb olacaq. 

Bu mövzuda iqtisadçılar nə düşünür? “Rupor” azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına təkan və əngəl olan amillərin səbəblərini öyrənməyə çalışıb. 

“Sahibkarlara az faizlə kreditlərin verilməsi onların inkişafında ciddi rol oynaya bilər”

İqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycan əvvəlki illərlə müqayisədə sahibkarlığın ikişafında, investitsiya mühitinin yaxşılaşdırılmasında irəliləyişlər əldə edib. Ökəmizdə azad rəqabətlə bağlı qanunun qəbul olunması liberal iqtisadiyyatın inkişafına təkan verəcək: “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlıq mühitinin formalaşdırılması üçün ölkədə ən çox fəallıq göstərən qurumdur. Bu qurum müxtəlif mexanizmlər vasitəsi ilə onlara öz dəstəyini göstərir. Sahibkarlara az faizlə kreditlərin verilməsi onların inkişafında ciddi rol oynaya bilər. İcra hakimiyyətlərinin yerli iş adamlarına dəstək göstərməsi sahibkarlıq subyektinin inkişafını təmin edəcək. Cənab Prezident İlham Əliyev rayon icra başçılarını təyin edərkən yerli sahibkarlara dəstək göstərmələri barədə onlara göstəriş verir. Yeni dövrün müasir düşüncə tərzinə malik rəhbər şəxslərinin Prezidentin göstərişlərini daha yaxşı həyata keçirəcəyi təqdirdə yerlərdə iqatisadi uğurlara nail olmaq mümkündür”. 

“Bazar iqtisadiyyatının inkişaf etdirilməsi üçün dövlət mülkiyyətində olan müəssisələrin sayı azaldılmalı, xüsusi mülkiyyətə önəm verilməlidir”

İqtisadçı ekspert Xalid Kərimliyə görə, azad sahibkarlığı və liberal iqtisadiyyatı daha da inkişaf etdirmək üçün rəqabət mühitini təkmilləşdirmək lazımdır:

“Bu istiqamətdə işlər getsə də, hələ də qənaətbəxş hesab etmək olmaz. Liberal iqtisadiyyat mülkiyyət hüququnun qorunması və xüsusi mülkiyyətin toxunulmazlığı üzərində qurulur.  Bazar iqtisadiyyatı müqavilələr üzərində tənzimləndiyi üçün müqavilələr hüququnun işlənməsi vacib məsələdir. Çünki hər hansı bir problem yarandıqda məhkəmə onu müqavilələr əsasında həll edir. İnsanlar bilməlidir ki, xüsusi mülkiyyət toxunulmazdır və heç bir halda müsadirə oluna bilməz”. 

Eksper bildirir ki, azad bazar iqtisadiyyatında əsas amil rəqabət mühitinin formalaşdırılması, əlverişli gömrük və vergi inzibatçılığı tələb edir:

“Bir sahibkar digərindən çox vergi ödəyirsə, bu barabər şərtlərlə mübarizə hesab olunmur. Bu məsələdə anti-inhisar qanunvericiliyinin dəqiq işləməsi vacib şərtdir. Həmçinin bazar iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün dövlət mülkiyyətində olan müəssisələrin sayı azaldılmalı, xüsusi mülkiyyətə önəm verilməlidir. Dövlət sektoru nə qədər böyük olsa, özəl sektor da bir o qədər balaca olacaq”. 

İqtisadçının fikrincə, dövlət və məmur biznesi böyük olduqda rəqabət mühiti və azad iqtisadiyyatın imkanları azalır:

“Məmur da dövlətin imkanlarından istifadə edərək azad rəqabət mühitini pozur, buna görə də, məmur sahibkarlığı ləğv olunmalı, dövlətə məxsus olan və özəlləşdirilməsi mümkün müəssisələr xüsusi sahibkarlığa çevrilməlidir. Təbii ki, bu məsələdə dövlət tənzimlənməsinin əhəmiyyəti də vacibdir. Dövlət azad sahibkarlığa müdaxilə olunmasının qarşısını almalı, onun qərar və qəbul mexanizmi operativ olmalıdır”.


“İqtisadiyyatın liberallaşdırılması ilə bağlı aparılan islahatlar daha böyük iqtisadi artımın əldə edilməsinə imkan yaradıb”.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov ölkədə iqtisadiyyatın liberallaşdırılması üçün atılan addımların uğurlu olduğunu deyib:

“Bir tərəfdən pandemiyanın nəzarətə götürülməsi və yoluxma sayının optimallaşdırılması ilə bağlı həyata keçirilən siyasətə, digər tərəfdən qlobal formada pandemiyanın davam etməsinə baxmayaraq real sektorda iqtisadi artım əldə edilib. 2022-ci il üçün BMT-nin Azərbaycan iqtisadiyyatının 4 % böyüyəcəyini proqnozlaşdırması ondan xəbər verir ki, artıq 2021-ci ildəki pandemiyanın sərt təsirlərindən sonra iqtisadiyyatımız dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub. Bu da onu deməyə əsas verir ki, qeyri-neft sektorunun inkişafı və bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı aparılan islahatlar daha böyük iqtisadi artımın əldə edilməsinə imkan yaradıb”.

Yazı Rupor.az xəbər portalında dərc olunub (Mənbədən oxu)

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə müsabiqə şərtlərinə uyğun olaraq 6.3.12 üzrə (azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi) hazırlanıb.  

Nəcməddin Quluzadə